NASA SpaceX raketinin Ayda yaratdığı yeni krateri aşkar etdi
NASA-ya məxsus kosmik aparat bu ayın əvvəlində SpaceX raketinin Ay səthinə çırpılması nəticəsində yaranan kraterin görüntülərini əldə edib.
AFN.az xəbər verir ki, Falcon 9 raketinin idarəetmədən çıxan yuxarı pilləsi avqustun 5-də saatda təxminən 8700 kilometr sürətlə Aya çırpılıb.
2025-ci ilin yanvarında Aya iki eniş aparatı apardıqdan sonra orbitdə sürüklənən təxminən 4,9 ton ağırlığındakı raket hissəsi toqquşmaya qədər kosmosda nəzarətsiz şəkildə hərəkət edib.
NASA Lunar Reconnaissance Orbiter (Ay Kəşfiyyat Orbiti) tərəfindən avqustun 11-i və 12-də çəkilən yeni görüntüləri yayımlayıb. Toqquşma ərazisinin əvvəlki və sonrakı görüntüləri Ay səthində yaranan parlaq çökəkliyi ortaya çıxarıb.
Toqquşma anına aid canlı görüntü olmasa da, tədqiqatçılar raketin trayektoriyasını izləyərək yeni kraterin yerini müəyyənləşdirə biliblər. Kosmik aparatın kraterin üzərindən keçməsi və kameranın düzgün bucağa gətirilməsi altı gün çəkib.
Görüntülər yaranan kraterin təxminən 18 metr enində olduğunu göstərib. Kölgənin uzunluğuna əsaslanan alimlər kraterin dərinliyinin ehtimal ki, 3 metrdən az olduğunu müəyyən ediblər.
Fotolarda kraterdən kənara doğru yayılan açıq və tünd rəngli xətlər də diqqət çəkib. Bildirilib ki, tünd rəngli xətlər səthdən qalxan toz və qayalardan, daha parlaq xətlər isə raketin toqquşması nəticəsində daha dərin qatlarından atılan təzə materiallardan əmələ gəlib.
Sözügedən qəza insan istehsalı raketin Ay səthinə təsadüfən çırpıldığı məlum olan ikinci hadisə kimi qeydə alınıb. 2022-ci ildə Çinə aid olduğu ehtimal edilən raket hissəsi Ayın uzaq tərəfinə çırpılaraq ikiqat krater yaradıb, Çin isə kosmik aparatın özünə aid olduğunu təkzib edib.
SpaceX-in yaşadığı bu hadisə, xüsusilə ABŞ və Çin kimi ölkələrin Aya astronavt və infrastruktur göndərmək yarışının sürətləndiyi bir dövrdə kosmosda dayanıqlılıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.
SpaceX açıqlamasında kosmosda buraxılan avadanlıqlarla bağlı mümkün qədər məsuliyyətli davranmağa çalışdıqlarını və belə hallarda ən uyğun məhv etmə həlləri üçün NASA ilə birgə fəaliyyət göstərdiklərini bildirib.
