Aİ-dən Facebook və Instagram-a asılılıq yaradan dizayn ittihamı
Avropa İttifaqı (Aİ) Komissiyası Meta şirkətini Facebook və Instagram platformalarında istifadəçiləri asılılığa sövq edən dizayn elementlərinə görə rəqəmsal qaydaları pozmaqda ittiham edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyası Meta barəsində aparılan araşdırmada Facebook və Instagram-dakı asılılıq yaradan dizaynların Rəqəmsal Xidmətlər Aktını pozduğuna dair ilkin nəticələrin əldə olunduğunu açıqlayıb.
Açıqlamada Facebook və Instagram-da istifadə edilən sonsuz sürüşdürmə, avtomatik oynatma, anlıq bildirişlər və yüksək dərəcədə fərdiləşdirilmiş tövsiyə sistemlərinin istifadəçilərin fiziki və psixi sağlamlığına törətdiyi risklərin yetərincə qiymətləndirilmədiyinin müəyyən edildiyi bildirilib.
Xüsusilə sonsuz sürüşdürmə, avtomatik oynatma və fərdiləşdirilmiş məzmun tövsiyələrinin istifadəçilərin platformada daha uzun müddət qalmasına yol açdığı qeyd edilən açıqlamada bunların qeyri-sağlam istifadə vərdişlərini və məcburi istifadə davranışlarını təşviq etdiyi vurğulanıb.
Meta-nın uşaqların gecə saatlarında Instagram və ya Facebook-da keçirdikləri vaxtla bağlı mövcud məlumatları görməzdən gəldiyinə diqqət çəkilən bəyanatda şirkətin hazırkı risk azaltma tədbirlərinin asılılıq yaradan dizayndan qaynaqlanan risklərlə effektiv mübarizə aparılmadığını göstərdiyi ifadə edilib.
Meta-nın Facebook və Instagram-ın dizaynında dəyişikliklər etməli olduğu bildirilən açıqlamada sözügedən tapıntıların araşdırmanın yekun nəticəsi olmadığı və Meta-nın öz müdafiəsini təqdim etmək hüququnun olduğu xatırladılıb.
Bəyanatda o da qeyd olunub ki, araşdırmanın sonunda Komissiya qayda pozuntusu barədə qərar qəbul edərsə, Meta şirkətinə qlobal illik dövriyyəsinin 6 faizinədək inzibati pul cəriməsi tətbiq edilə bilər.
