SpaceX Luizianada 100 milyard dollarlıq nəhəng kosmik baza quracaq



Kosmos, planlaşdırma və süni intellekt şirkəti SpaceX ABŞ-ın Luiziana ştatında 100 milyard dollarlıq investisiya ilə kosmik baza quracağını açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkətin açıqlamasında yeni bazanın minlərlə buraxılışı dəstəkləməsinin və uçuşların sayını əhəmiyyətli dərəcədə artırmasının hədəfləndiyi bildirilib.

Qarşıdakı 10 il ərzində birbaşa 3 min yeni iş yerinin yaradılmasının gözlənildiyi, həmçinin 8 mindən çox dolayı məşğulluğun təmin ediləcəyi qeyd olunub.

Açıqlamada bildirilib ki, 100 milyard dollarlıq investisiya ilə qurulacaq obyekt şirkətin dördüncü və ən böyük buraxılış kompleksi olacaq və Starship missiyalarında mühüm rol oynayacaq.

Obyekt tamamlandıqda, hər birində iki buraxılış meydançası və bir yanacaq qurğusu olmaqla, beş buraxılış kompleksinin fəaliyyət göstərəcəyi gözlənilir. Layihədə həmçinin yanacaq istehsalı müəssisəsi, enerji istehsalı qurğusu, aparatların emalı müəssisəsi, eləcə də işçilər və onların ailələri üçün yaşayış sahələrinin olacağı bildirilib.

Açıqlamada tikintiyə 2027-ci ildə başlanmasının, ilk buraxılışın isə ən erkən 2029-cu ildə həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

SpaceX-in təsisçisi və baş icraçı direktoru (CEO) Elon Musk məsələ ilə bağlı açıqlamasında bildirib: “İndiyədək yalnız elmi fantastikada mövcud olmuş bir kosmik baza qurmağa hazırlaşırıq.”

Musk insanların ulduzlara səyahət etdiyi gələcək yaratmaq məqsədinin qarşıya qoyulduğunu bildirərək, bunun yalnız kosmosa səyahət təyyarə ilə səyahət etmək kimi adi hala gəldikdə mümkün olacağını qeyd edib.

Musk Luizianada qurulacaq “Starbase Louisiana” adlı layihənin gələcəyin yolunu açacağını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu