Dolli Parton 80 yaşında vəfat etdi
Kantri musiqisinin əfsanəvi adı Dolli Parton 80 yaşında vəfat edib.
AFN.az xəbər verir ki, ailəsi tərəfindən çərşənbə axşamı verilən açıqlamada məşhur sənətçinin həyatını itirdiyi təsdiqlənib.
Partonun bacısı oğlu Brayan Siver sosial media hesabında paylaşdığı video müraciətdə “Onun qoyduğu nümunə sayəsində hər şeyin mümkün olduğuna inandıq. Onun aça bilməyəcəyi heç bir qapı görmədik və açdığı qapılar tarix yazdı, tarixi dəyişdirdi” ifadələrini işlədib.
Sənətçinin meneceri də Partonun Nashville şəhərində sakit şəkildə vəfat etdiyini bildirib.
Açıqlamada “Xərçənglə cəsarətlə apardığı qısa mübarizədən sonra Dolli yaxınları yanında olarkən Vanderbilt-Ingram Xərçəng Mərkəzində həyata gözlərini yumdu” deyilib.
Dolli Rebeka Parton 19 yanvar 1946-cı ildə Tennessi ştatındakı Great Smoky Mountains bölgəsində dünyaya gəlib. 12 uşaqlı ailənin dördüncü övladı olan Parton musiqi kökləri nəsillər əvvələ gedib çıxan ailədə böyüyüb.
Parton hələ 10 yaşında olarkən ilk sinqlı olan “Puppy Love” mahnısını yazıb. Sonrakı illərdə dayısı Bill Ouenslə birlikdə Nashville şəhərinə səfərlər etməyə başlayıb.
Əldə etdiyi uğurlara baxmayaraq, yalnız musiqidən dolanmağın mümkün olmayacağını anlayan Parton fəaliyyət sahələrini şaxələndirmək qərarına gəlib.
Sənətçi 3 may 1986-cı ildə doğulduğu torpaqlara və Şərqi Tennessi əhalisinə ehtiram nümunəsi olan 150 hektarlıq Dollywood əyləncə parkını açıb.
Parton karyerası ərzində 44 albomla kantri musiqi siyahılarında ən çox ilk 10-luğa daxil olan sənətçi titulunu qoruyub. Sənətçinin 100-dən çox sinqlı siyahılarda yüksək pillələrə yüksəlib. Parton aralarında 1980-ci ildə çəkilmiş “9 to 5” işçi marşının da olduğu 3 mindən çox əsər yazıb.
Aktyorluqla da məşğul olan Parton “9 to 5”, “The Best Little Whorehouse in Texas” və “Steel Magnolias” kimi filmlərdə rol alıb.
Parton 2007-ci ildə öz səsyazma şirkəti olan Dolly Records-u yaradıb. İki il sonra “9 to 5” musiqili Broadway-də səhnələşdirilib.
Karyerası ərzində 49 studiya albomu və 9 canlı ifa albomu yayımlayan Parton 10 “Grammy” mükafatı ilə yanaşı, çoxsaylı nüfuzlu mükafatlara layiq görülüb.
Sənətçi yaratdığı Imagination Library layihəsi vasitəsilə 130 milyondan çox uşağa kitab çatdırıb. İqlim fəlakətlərindən pandemiya araşdırmalarına qədər bir çox sahəyə milyonlarla dollar ianə edib.
Parton təxminən 60 il evli olduğu həyat yoldaşı Karl Dinlə gözdən uzaq həyat sürüb. Karl Din 3 mart 2025-ci ildə 82 yaşında vəfat edib.



