29 barmaqlı pişik ən çox barmağa sahib pişik rekordunu qırdı
Viskonsin ştatından olan Meyn-kun cinsli pişik 29 barmağı ilə ən çox barmağa sahib pişik kateqoriyasında 24 ildir qırıla bilməyən dünya rekordunu yeniləyib.
AFN.az xəbər verir ki, Erebus Anomaly adlı pişiyin hekayəsi çərşənbə axşamı ABŞ mətbuatında geniş işıqlandırılıb. ABC kanalının World News Now proqramında pişiyin sahiblərindən birinin möcüzəvi adlandırdığı sağalma prosesi və daha sonra əldə edilən Ginnes Dünya Rekordu barədə danışılıb.
Erebusun qeyri-adi barmaq sayı bəzi pişiklərin əlavə barmaqlarla doğulmasına səbəb olan və 2016-cı ildə Journal of Feline Medicine and Surgery jurnalında dərc edilən məqaləyə əsasən Meyn-kun cinsində nisbətən geniş yayılmış polidaktiliya adlı genetik xüsusiyyətlə bağlıdır.
World News Now-ın məlumatına görə, Erebusun bioloji atası da hər pəncəsində altı barmaq olmaqla doğulub. Ümumilikdə 24 barmağa sahib olan ata pişik adi pişikdən altı barmaq çox daşıyıb. Bu vəziyyət Erebusun mart ayında bir pəncəsində səkkiz, digər pəncələrində isə yeddi barmaqla doğulmasına zəmin yaradıb.
Erebus 2002-ci ildə Kanadada Ceyk adlı pişikdə qeydə alınan və mart ayında Miçiqan ştatından olan Tobi adlı pişik tərəfindən təkrarlanan 28 barmaqlıq Ginnes Dünya Rekordundan bir barmaq çoxuna sahib olub.
Viskonsinin Kaukauna şəhərində yaşayan sahibləri Kendra Vandenblumer və Hunter Nett yerli xəbər kanalı WFRV-yə açıqlamalarında pişiklərinin bu rekordu qıra biləcəyinin qısa müddətdə məlum olduğunu bildiriblər.
Kaukaunadan olan Erebusun qarşısında Ginnes Dünya Rekordlarının təsdiq prosesindən daha böyük bir sınaq olub. Vandenblumer və Nett pişiklərinin ağzı ilə nəfəs aldığını fərq etdikdən sonra Erebusun aspirasiya kimi tanınan və həyati təhlükə yaradan sağlamlıq problemi yaşadığını öyrəniblər.
Təcili baytarlıq klinikasına aparılan Erebusun sətəlcəm olduğu müəyyən edilib. Oksigen aparatına qoşulan pişik müalicə olunub.
Vandenblumer və Nett World News Now proqramında Erebusun vəziyyətinin bir müddət kritik olduğunu bildiriblər. Vandenblumer ağciyərlərin qara görünməli olduğu halda tamamilə ağ göründüyünü ifadə edib.
Vandenblumerin tamamilə möcüzəvi adlandırdığı prosesdən sonra pişiyin vəziyyəti yaxşılaşıb. Sahibləri Erebusun tam sağaldığını təsdiqləmək üçün rentgen müayinəsi etdiriblər.
Çəkilən rentgen görüntüləri yalnız pişiyin sağlamlıq vəziyyətini sənədləşdirməklə kifayətlənməyib, Vandenblumer və Nettin Ginnes Dünya Rekordlarına etdiyi müraciət üçün də mühüm sübut olub.
Məlumat bazasında 40 mindən çox dünya rekordu olan təşkilat mayın 13-də saytında yayımladığı açıqlama ilə ən çox barmağa sahib pişik titulunu Erebus-a verib.
Vandenblumer və Nett tərəfindən Erebus üçün yaradılan sosial media hesabında “Həyatındakı ən qorxulu anlardan birinin dünya rekordu yolçuluğunun başlanğıcı olduğunu düşünmək inanılmazdır” ifadəsi paylaşılıb.
BlueNorthern Maine Coons adlı pişik yetişdirmə müəssisəsini idarə edən cütlük ABC müxbiri Denni Nyunun Erebusun sahibləndirilib-sahibləndirilməyəcəyi ilə bağlı sualını cavablandırıb. Vandenblumer “Bizimlə qalacaq. O, çox gözəl bir oğlandır” deyib.
