Mediada gender savadlılığı mövzusunda təlim keçirilib


Bakıda “Media və Gender savadlılığı” təlim proqramı” layihəsinin üç günlük təlim mərhələsi uğurla başa çatıb.

AFN.az xəbər verir ki, GenderHUB Azerbaijan təşkilatının layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi təlimə jurnalistlərlə yanaşı, başqa sahələri təmsil edən 25 iştirakçı qatılıb. Üç gün ərzində iştirakçılar mediada gender stereotiplərini və ayrı-seçkilik hallarını tanımaq, tənqidi şəkildə təhlil etmək, daha məsuliyyətli yanaşmaq, inklüziv məzmun istehsal etmələri üçün lazimi bilik və bacarlıqlar əldə ediblər.

Təlim çərçivəsində iştirakçılar eyni zamanda məişət zorakılığı ilə mübarizə yolları, bu hallarda müraciət edilə biləcək qaynar xəttlər, erkən nikahların qarşısının alınması, qadınların əmək bazarına çıxışı və təhsil hüququ kimi mövzularda da ictimai məlumatlandırma ilə əhatə olunublar.

Təlim zamanı təlimçi qismində gender eksperti Məryəm Məcidova, media eksperti, araşdırmaçı-jurnalist Raminə Eyvazqızı və gender-media üzrə araşdırmaçı Vafa Ali çıxış ediblər. Məryəm Məcidova gender bərabərliyi anlayışı, gender-əsaslı zorakılıq, məişət zorakılığı, Raminə Eyvazqızı mediada gender bərabər(siz)liyi, jurnalist etikası və “sarı media” və Vafa Ali isə mediada olan narrativlər, onların yaranma yolları, səbəbləri və mövcud stereotiplər haqqında qeyri-formal təhsil vasitəsi ilə interaktiv sessiyalar həyata keçiriblər. Təlimdə Medianın İnkişafı Agentliyinin Mediaya dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova rəsmi qonaq qismində mövzu üzrə çıxış edib.

Təlim sonunda iştirakçıların öyrəndikləri mövzular üzrə praktiki məşğələlər təşkil olunub, onların fikirlərinə əsaslanan müzakirələr aparılıb. Kimisi bu vaxta qədər normal hesab etdiklərinin qərəzli olduğunun, kimisi ətrafda baş verənlərə daha həssas yanaşmalı olduqlarının, bir xəbərin doğru və ya yalnış təqdim edilməsi ilə insanların həyatının dəyişdiyinin fərqinə vardıqlarını dilə gətiriblər.

Qeyd edək ki, təlim üç aylıq layihənin bir hissəsidir. İştirakçıların davamlılıq fəaliyyətləri üç ay müddətində sürəcək, onlar təlim sonrası mövzu üzrə təqdim etdikləri qrup və ya fərdi layihələrini icra edəcəklər, daha sonra mentor dəstəyi ilə öz icmalarında maarifləndirici fəaliyyətlər həyata keçirəcək, layihənin davamlılıq məqsədləri üzrə töhfə verəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu