Mette Frederiksen estetik cərraha sərt cavab verdi



Danimarka Baş naziri Mette Frederiksen ona yönəldilən istənməyən gözəllik məsləhətlərindən narahat olduğunu bildirib.

AFN.az xəbər verir ki, Frederiksen burnundakı kiçik ləkənin aradan qaldırılmasını təklif edən estetik cərraha sərt cavab verib.

Ukraynaya səfərindən sonra ölkəsinə qayıdan 48 yaşlı Frederiksen sosial media hesabında etdiyi paylaşımda bir estetik cərrahın onunla əlaqə saxlayaraq burnundakı kiçik ləkəni düzəltməyi təklif etdiyini açıqlayıb.

İllərdir xarici görünüşü ilə bağlı çoxsaylı mesajlar aldığını bildirən Frederiksen çirkin dişlərə və nazik saçlara sahib olduğu yönündə tənqidlər aldığını, eləcə də burnundakı xalın götürülməsi və botoks etdirməsi ilə bağlı məsləhətlər verildiyini qeyd edib.

Sözügedən estetik cərrahın adını açıqlamadan mesajın ekran görüntüsünü paylaşan Frederiksen cavabında bədənindən razı olduğunu və kişi estetik cərrahın bu mövzuda fikrinə ehtiyac duymadığını vurğulayıb.

2019-cu ildən Danimarka Baş naziri vəzifəsini icra edən və ölkənin ikinci qadın baş naziri olan Frederiksen 50 yaşına yaxınlaşan bir qadın kimi bədənini olduğu kimi qəbul etdiyini bildirib.

Danimarka lideri ona mesaj göndərmək istəyən şəxslərdən vaxtlarını daha mənalı mövzulara ayırmalarını istəyib və burnu haqqında danışılmamasını xahiş edib.

İstənməyən gözəllik məsləhətlərinin onda qəzəb yaratdığını bildirən Frederiksen qüsursuz hesab edilən kiçik fərqlilikləri ilə yaşayan hər kəsə sevgi dolu mesaj göndərdiyini ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu