Süni intellekt araşdırması: İnsan orqanları fərqli sürətlə qocalır
Avstriya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən CeMM Molekulyar Tibb Araşdırma Mərkəzi və Vyana Universitetinin müvafiq qurumları tərəfindən aparılan araşdırma insan orqanlarının fərqli sürətlə qocaldığını ortaya qoyub.
AFN.az xəbər verir ki, “Nature Medicine” jurnalında yayımlanan tədqiqatda süni intellekt dəstəkli toxuma saatları hazırlanaraq toxuma nümunələrinin mikroskopik görüntülərindən orqanların bioloji yaşları hesablanıb.
Genotip-Toxuma İfadəsi Layihəsi (GTEx) çərçivəsində 983 nəfərdən götürülmüş 40 müxtəlif toxuma növünə aid 25 mindən çox yüksək keyfiyyətli rəqəmsal görüntü araşdırılıb. Tədqiqatda istifadə edilən kompüter görmə modelləri toxuma strukturundakı dəyişikliklərin xronoloji yaşdan daha çox bioloji qocalma ilə birbaşa əlaqəli olduğunu müəyyən edib.
Hazırlanan toxuma saatları orqanların bioloji yaşını orta hesabla 4,9 illik xəta payı ilə proqnozlaşdırıb.
Tədqiqatın nəticəsində ağciyər, böyrək, mədəaltı vəzi və böyrəküstü vəzilərin 20-40 yaş arasında erkən qocalma əlamətləri göstərə bildiyi, digər toxumaların isə daha fərqli proseslər izlədiyi müəyyənləşdirilib. Uşaqlıq toxumasında isə xüsusilə menopauza dövründə nəzərəçarpan qocalma izləri aşkarlanıb.
Böyrək çatışmazlığının bir neçə toxumada, diabetin isə xüsusilə mədəaltı vəzidə qocalmanı sürətləndirdiyi qeyd edilib.
Tədqiqatçılar toxumalardakı qocalma izlərini qan nümunələri ilə müqayisə edərək yalnız qan analizi vasitəsilə orqanların bioloji yaşını ayrı-ayrılıqda təxmin edə bilən modellər də hazırlayıblar.
Qan əsaslı bu göstəricilərin Alzheimer, Kron xəstəliyi, kistik fibroz, vaskulit, diabet və insult kimi xəstəliklərlə əlaqəli qocalma nümunələrini müəyyən edə bildiyi açıqlanıb.
Gələcəkdə oxşar üsulların rutin qan analizləri vasitəsilə orqan sağlamlığını və xəstəlik proseslərini izləmək məqsədilə istifadə edilə biləcəyi qiymətləndirilir.
