Eksperimental dərman piylənmiş siçanlarda əzələ itkisi və az qidalanma olmadan yağ yandırmasını təmin edib



Eksperimental kimyəvi birləşmə piylənmiş siçanlarda əzələ itkisinə səbəb olmadan və qida qəbulunu azaltmadan yağ yandırılmasını təmin edib. 

AFN.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmada alimlər sözügedən birləşmənin piylənmiş erkək siçanlarda qida qəbulunu dəyişdirmədən dörd həftə ərzində orta hesabla 18 faiz çəki itkisinə səbəb olduğunu müəyyənləşdiriblər.

İtirilən çəkinin böyük hissəsinin bədən yağından ibarət olduğu, əzələ və digər yağsız toxumaların isə böyük ölçüdə qorunduğu müşahidə edilib.

5-tetradecyloxy-2-furoic acid (TOFA) adlandırılan birləşmə Kaliforniya Universitetinin Berkli kampusundan olan komanda tərəfindən sınaqdan keçirilib. Tədqiqatçılar yüksək yağlı pəhrizlə piylənmə vəziyyətinə gətirilən siçanlara dörd həftə ərzində gündə iki dəfə ağız yolu ilə TOFA veriblər.

UC Berkeley-dən metabolizm bioloqu Anders Naar bildirib: “Qida qəbulu, fiziki aktivlik və bədən temperaturu dəyişmədi, lakin bütün bədən üzrə enerji sərfiyyatı 18 faizə qədər artdı”.

TOFA-nın siçanların daha çox hərəkət etməsinə səbəb olmadığı və ya qidadan kalori sorulmasının qarşısını almadığı, bunun əvəzinə orqanizmin yağı emal etmə və enerjidən istifadə formasını dəyişdirdiyi qeyd edilib.

Birləşmənin yeni yağ əmələ gəlməsini yavaşlatdığı və hüceyrələrin enerji əldə etmək üçün yağ yandırmasını asanlaşdırdığı bildirilib.

Tətbiqin çəki itkisi ilə yanaşı, qan şəkəri və insulin səviyyələrini azaltdığı, siçanların qlükozaya daha yaxşı reaksiya verməsini təmin etdiyi, qan və qaraciyərdəki yağ nisbətini azaltdığı müşahidə olunub.

Tədqiqatçılar daha sonra TOFA-nın aşağı dozalarını semaqlutid və tirzepatid kimi iştahı azaldan dərmanlarla birləşdiriblər. Bu kombinasiyanın təkbaşına aparılan müalicələrlə müqayisədə daha çox çəki itkisi və metabolik yaxşılaşma təmin etdiyi bildirilib.

TOFA hələ insanlar üzərində sınaqdan keçirilməyib və ən aşağı effektiv dozası məlum deyil. Həmçinin birləşmə tibbi istifadə üçün tələb olunan təhlükəsizlik testlərindən keçməyib. Tədqiqatçılar insanlar üzərində klinik sınaqlara başlamazdan əvvəl siçovullar və daha iri heyvanlar üzərində toksiklik və effektivlik araşdırmaları aparmağı planlaşdırırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu