İran Hürmüz boğazında keçid koridorunun 7 mil olduğunu açıqladı
İran Xarici İşlər nazirinin müavini Kazım Qaribabadi Omanla əldə olunan razılaşmada Hörmüz boğazındakı nəqliyyat marşrutunun 7 mil enində olduğunu bildirərək, cənub koridorunun bağlandığını deyib.
AFN.az xəbər verir ki, Qaribabadi İran dövlət televiziyasına açıqlamasında Hörmüz boğazındakı dəniz nəqliyyatı marşrutu ilə bağlı Omanla əldə olunan razılaşmanın detalları barədə məlumat verib.
İran və Oman arasında Hörmüz boğazında ortaq koridorun aktivləşdirilməsi barədə razılığa gəlindiyini bildirən Qaribabadi bunun cənub koridorunun bağlanması anlamına gəldiyini ifadə edib.
Əldə olunan razılaşma çərçivəsində boğazdakı nəqliyyat marşrutunun müvəqqəti olaraq 7 mil enində olması barədə qərar qəbul edildiyini deyən Qaribabadi Omanın cənub marşrutunu tamamilə bağlamağı qəbul etdiyini və hazırda İran silahlı qüvvələrinin cənub marşrutundan keçidə icazə vermədiyini vurğulayıb.
Qaribabadi sözügedən marşrutun müvəqqəti olduğunu və Omanla daimi marşrut məsələsi üzrə danışıqlar aparılacağını bildirib.
Hörmüz boğazının hələ də bağlı olduğunu və İranın boğaz üzərində tam nəzarətə malik olduğunu iddia edən iranlı rəsmi gəmilərin boğazdan keçdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Qaribabadi ABŞ və digər ölkələrin Hörmüz boğazının yalnız İranın müəyyən etdiyi qaydalar çərçivəsində açılacağını bilməli olduğunu vurğulayıb.
“Hörmüz boğazının yenidən açılmasına yönəlmiş hər hansı addım atılmadan əvvəl ABŞ pozduğu bütün öhdəliklərini tam şəkildə yerinə yetirməlidir”, - deyən Qaribabadi sözlərini belə davam etdirib:
“Hörmüz boğazının yenidən açılması yalnız bütün cəbhələrdə müharibənin dayandırılması, blokadanın aradan qaldırılması və Yəməndəki vəziyyətin həllə qovuşdurulması müqabilində mümkün olacaq.”
Qaribabadi İran və Oman arasında bu gün əldə olunan razılaşmaların mətninin yayımlanmayaraq mətbuat açıqlamasının verilməsinin səbəbinin Tehran rəhbərliyinin hələlik hər hansı öhdəlik götürməməsi ilə bağlı olduğunu bildirib.
Bəzi ABŞ rəsmilərinin minaların təmizləndiyi, bəzilərinin isə təmizlənməsi üçün gəmi göndəriləcəyi barədə açıqlamalarına dair suala cavab verən Qaribabadi deyib: “Əgər ABŞ minaların tamamilə təmizləndiyini iddia edirsə, niyə ABŞ gəmisi keçid etmir? Əgər təmizləyiblərsə, niyə keçmirlər? Bu minaların yerini İrandan başqa heç kim bilmir”.
ABŞ-ın mina axtaran gəmilər göndərmək planına etiraz edən iranlı rəsmi “ABŞ-ın mina axtaran gəmiləri bölgəyə daxil olarsa, bizim üçün hədəf olacaq. Trampın minaların təmizlənməsi ilə bağlı açıqlamaları yalnız bazarları sakitləşdirməyə yönəlib” ifadələrini işlədib.
Qaribabadi Pakistan Baş Qərargah rəisi marşal Asim Münirin Tehrana səfəri zamanı İranın ABŞ-a göndərdiyi mesajda başqa bir danışıqlara ehtiyac olmadığının, ABŞ-ın İslamabadda əldə olunan razılaşmaya əməl etməli və Hörmüz boğazının açılması üçün anlaşma memorandumundakı öhdəliklərini yerinə yetirməli olduğunun bildirildiyini deyib.
