Vyetnamda kəsilmək üçün oğurlanan yüzlərlə pişik xilas edilib



Vyetnamda rəsmi qurumların pişik oğurluğu ilə məşğul olduğu iddia edilən cinayətkar qruplaşmanı çökdürməsindən sonra kəsilmək üçün toplanan 400-dən çox pişik xilas edilib.

AFN.az xəbər verir ki, Hoşimin şəhər polisinin rəsmi qəzetində yer alan məlumatlara görə, hüquq-mühafizə orqanlarının pişik oğurluğu və toplanması üzrə ixtisaslaşmış cinayətkar qrup kimi xarakterizə etdiyi şəbəkə ilə əlaqəli 9 nəfər saxlanılıb.

Polis qruplarının ötən həftə Taynin əyaləti və Hoşimin şəhərindəki müxtəlif ünvanlarda keçirdiyi reydlər zamanı 400-dən çox canlı pişik və buz üzərində saxlanılan təxminən 80 tələf olmuş pişik aşkar edilib.

Digər bir anbarda isə daha 21 pişik müsadirə olunub.

Vyetnamda it və pişik ətinin istehlakı qanuni olsa da satıcıların heyvanların mənşəyini göstərən rəsmi icazə sənədinə malik olması tələb edilir.

Yerli mətbuatda çıxan xəbərlərə görə, polis Hoşimin şəhərində artan ev heyvanı oğurluğu şikayətləri əsasında başlatdığı araşdırmadan sonra iyunun 11-də sözügedən qruplaşmanın izinə düşüb.

Şübhəlilər son üç ildir Vyetnamın cənubunda tələlər quraraq pişik topladıqlarını etiraf ediblər.

Müstəntiqlər qeyd ediblər ki, saxlanılan şəxslər oğurlanmış pişikləri toplama məntəqələrinə daşıyıb və hər iki-üç gündən bir tacirlərə satıblar.

"Humane World for Animals" adlı heyvan haqları təşkilatı tərəfindən verilən açıqlamada oğurlanan pişiklərdən təxminən 40-nın sahiblərinə təhvil verildiyi bildirilib.

Çox sayda heyvanın həyatını xilas edən qətiyyətli addımlarına görə yerli rəsmilərə təşəkkür edən təşkilat bəzi pişiklərin isə yaşadıqları travma səbəbindən sonradan tələf olduğunu çatdırıb.

Qurum məhkəmə prosesinin davam etməsi səbəbindən polis tərəfindən maddi sübut kimi saxlanılan pişiklər üçün qida və digər əsas ehtiyac ləvazimatlarını təmin etməyə davam edir.

İstintaqın davam etdiyini bildirən polis ev heyvanlarının oğurlandığını düşünən bölgə sakinlərini xilas edilən heyvanların tanınması üçün müraciət etməyə çağırıb.

"Humane World for Animals" təşkilatının məlumatlarına görə, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik əti üçün tutulur, oğurlanır və ya ticarət obyekti edilərək kəsilir.

Təşkilat ev heyvanlarının tez-tez evlərin həyətlərindən oğurlandığını, bu prosesdə itlər üçün zəhərli yemlər və şok cihazlarından, pişiklər üçün isə yaylı tələlərdən istifadə olunduğunu qeyd edir.

Vyetnamda it və pişik əti istehlakı digər Asiya ölkələri ilə müqayisədə daha geniş olsa da ekspertlər bu yanaşmanın dəyişməyə başladığına diqqət çəkirlər.

Təşkilatın 2023-cü ildə keçirdiyi rəy sorğusu xüsusilə gənc nəsil və ev heyvanı sahibləri arasında bu ticarətə qarşı etirazın böyüdüyünü və böyük əksəriyyətin kütləvi şəkildə it-pişik əti ticarətinin qadağan olunmasını dəstəklədiyini ortaya qoyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu