İlon Mask trilyoner olmaq yolunda: Sərvəti 850 milyard dolları keçdi
"SpaceX" və "xAI" şirkətlərinin birləşmə qərarından sonra İlon Maskın şəxsi sərvəti 852,5 milyard dollara çataraq yeni rekorda imza atıb. "Forbes"in məlumatlarına görə, 2024-cü ildən bərə sərvətini dörd dəfə artıran Mask bu templə davam edərsə, 2033-cü il üçün proqnozlaşdırılan "dünyanın ilk trilyoneri" statusunu daha tez əldə edə bilər.
Sərvət artımının əsas amilləri
Maskın sərvətindəki bu nəhəng artımın arxasında bir neçə mühüm faktor dayanır:
Tesla səhmləri: Son altı ayda "Tesla" səhmlərinin 39,4% dəyər qazanması Maskın sərvətinə hər 2,43 dollarlıq artımda əlavə 1 milyard dollar qazandırır.
Məhkəmə və səhmdar dəstəyi: Delaver Ali Məhkəməsinin 55 milyard dollarlıq mükafat paketini təsdiqləməsi və "Tesla" səhmdarlarının trilyon dollarlıq yeni ödəniş planına verdiyi dəstək bu yüksəlişi daha da möhkəmləndirir.
SpaceX-in birja çıxışı sərvəti artıra bilər
Bazar analitikləri "SpaceX" və "xAI" birləşməsindən sonra raket şirkətinin dəyərinin 1 trilyon dollara, "xAI"ın isə 250 milyard dollara çatdığını bildirirlər. 2026-cı ilin ortalarında reallaşması planlaşdırılan və 50 milyard dollar vəsait toplamağı hədəfləyən "SpaceX"in İPO-su baş tutarsa, şirkətin ümumi dəyərinin 1,5 trilyon dollara yüksələcəyi gözlənilir. Bu tarixi addımın Maskın sərvətini birbaşa 1 trilyon dollar həddinin üzərinə çıxaracağı proqnozlaşdırılır.
Tesla və avtonom nəqliyyat hakimiyyəti
"Wedbush" analitiki Den Ayvs 2026-cı ilin "Tesla" üçün dönüş nöqtəsi olacağını qeyd edir. Ayvsın proqnozuna görə, "Tesla" tam avtonom idarəetmə (FSD) və robotaksi sahəsindəki irəliləyişləri ilə yaxın on il ərzində qlobal avtonom nəqliyyat bazarının 70%-nə hökmranlıq edəcək. Yalnız süni intellekt fürsətinin belə "Tesla" üçün 1 trilyon dollarlıq əlavə dəyər yarada biləcəyi bildirilir. FSD texnologiyasının 2026-cı ildə hüquqi maneələri aşaraq ABŞ-ın 30-dan çox şəhərində istifadəyə verilməsi gözlənilir.
"Süni intellekt dövründə pul yığmağa ehtiyac yoxdur"
Mask sosial media vasitəsilə etdiyi mübahisəli açıqlamasında süni intellektin yoxsulluğu aradan qaldıracağını və universal yüksək gəlir təmin edəcəyini iddia edərək, insanların pul yığmasına ehtiyac qalmayacağını müdafiə edib. Sərvətini lüks həyat üçün deyil, "Tesla" və "SpaceX" kimi layihələr üzərindəki nəzarətini qorumaq üçün istədiyini bildirən Mask süni intellekti bəşəriyyətin çoxplanetli gələcəyi üçün maliyyə yanacağı kimi görür.


