İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
İsveçrənin Federal Şurası (hökuməti) Avropa Birliyinin Rusiyaya qarşı 20-ci sanksiya paketindən əlavə tədbirləri təsdiqləmək qərarına gəlib. Məhdudiyyətlər 2026-cı il avqustun 20-də qüvvəyə minir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.
Sənədə görə, enerji sektorunda Bern qaz daşıyıcılarına, buzqıranlara və Rusiyada yerləşən SPQ terminallarına xidmət göstərilməsini, həmçinin Rusiyaya tanker satışını qadağan edir. Bundan əlavə, üçüncü ölkələrə tanker satışı müqavilələrinə onların Rusiyaya yenidən satılmasını qadağan edən bənd daxil edilməlidir. Qərarın mətninə əsasən, bu tədbirlərin bir hissəsi, o cümlədən SPQ terminallarına xidmət qadağası yalnız 2027-ci il yanvarın 1-də, digər müddəalar isə sentyabrın 1-i və 21-i qüvvəyə minəcək.
Maliyyə sektorunda kripto-aktivlərin mübadiləsi və ötürülməsi üçün rus platformalarının istifadəsi, habelə müəyyən rəqəmsal aktivlərin — rubl stabilkoyni A7A5, RUBx aktivi və rəqəmsal rublun — yaradılmasına dəstək qadağan edilib. Ayrıca blokda isveçrəli şirkətlərin, onların əqli mülkiyyət hüquqlarının müdafiəsi və Rusiyada onlara qarşı verilmiş iddia və məhkəmə qərarlarından qorunma tədbirləri təsdiqlənib.
Mayın 22-də Bern AB-nin 20-ci antirus sanksiya paketinin ilk hissəsini icra edərək, Rusiyanın hərbi-sənaye kompleksi və enerji sektoru ilə bağlı 115 fiziki və 60 hüquqi şəxsi öz sanksiya siyahısına daxil etmişdi.
