İsveçrə ukraynalılar üçün xüsusi yaşayış icazəsini 2028-ci ilə qədər uzatdı



İsveçrə hökuməti Rusiya-Ukrayna müharibəsindən qaçaraq ölkəyə sığınan ukraynalılara “S müdafiə statusu” adı ilə verilən xüsusi yaşayış icazəsini 4 mart 2028-ci ilədək uzatmaq qərarına gəlib.

AFN.az xəbər verir ki, hökumət bu qərara əsas kimi Ukraynadakı vəziyyətin davamlı sabitliyə qovuşacağına dair heç bir əlamətin olmamasını göstərib.

İsveçrə hökuməti məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ukraynadakı vəziyyətin davamlı sabitliyə qovuşacağına dair hələlik heç bir əlamətin olmadığı vurğulanaraq, “Bu səbəbdən Ukraynadan müdafiə axtaran şəxslərin S statusu 4 mart 2028-ci ilədək uzadılacaq. S statusuna malik şəxslərə yönəlmiş dəstək tədbirləri də (S müdafiə statusu) bu tarixədək davam etdiriləcək. Federal Şuranın fikrincə, S müdafiə statusu hazırda Ukraynadan gələn şəxslərə effektiv müdafiə təmin etməyə davam etmək və sığınacaq sistemi üzərindəki təzyiqi azaltmaq üçün ən yaxşı həll yoludur” ifadələri işlədilib.

Açıqlamada bu qərarın müdafiə axtaran şəxslər, kantonlar, bələdiyyələr və işəgötürənlər üçün qarşıdakı 18 ay ərzində aydınlıq yaratdığı bildirilib. Ukraynadakı uzunmüddətli vəziyyətin yaxşılaşması halında Federal Şuranın S müdafiə statusu ilə bağlı mövqeyini buna uyğun olaraq yenidən nəzərdən keçirəcəyi qeyd edilib.

İsveçrənin S müdafiə statusu məsələsində Avropa İttifaqı (Aİ) ilə bu günədək sıx koordinasiya şəraitində çalışdığı və bunu davam etdirəcəyi bildirilib. Açıqlamada iyulun 30-da Aİ üzvü ölkələrin müvəqqəti müdafiəni 4 mart 2028-ci ilədək uzatmaq qərarına gəldiyi xatırladılıb.

Aİ-də müvəqqəti müdafiəyə çıxışın məhdudlaşdırılmasına da qərar verildiyi vurğulanan açıqlamada bu ifadələrə yer verilib:

“31 iyuldan etibarən müvəqqəti müdafiə yalnız Ukraynada qüvvədə olan hərbi xidmət öhdəliklərini yerinə yetirən şəxslərə veriləcək. İsveçrə Aİ Şurasının qəbul etdiyi bu qərarla hüquqi baxımdan bağlı deyil. Bununla belə, Federal Şura İsveçrənin tətbiqlərini Aİ ilə uyğunlaşdırmasının öz maraqlarına uyğun olduğunu düşünür. Nəticə etibarilə, S müdafiə statusu artıq yalnız Ukraynada malik ola biləcəkləri hərbi xidmət öhdəliklərini yerinə yetirən şəxslərə veriləcək. Bu yeni qayda avqustun 20-dən sonra təqdim edilən bütün yeni müraciətlərə şamil olunur. Artıq S müdafiə statusu almış şəxslərə təsir göstərmir”.

İsveçrə hökuməti 11 mart 2022-ci ildə Nazirlər Kabinetinin iclasında Ukraynada müharibədən qaçaraq ölkəyə sığınan şəxslərə “S statusu” adlı xüsusi yaşayış icazəsinin verilməsi qərarını təsdiqləmişdi.

İsveçrədə S statusu 1991-2001-ci illərdə Balkanlarda baş verən Yuqoslaviya müharibələri zamanı ölkəyə sığınmaq istəyən mülki şəxslərin qəbulunu asanlaşdırmaq məqsədilə 1999-cu ildə tətbiq edilmişdi.

S statusu qanuniləşdirildikdən sonra yalnız ukraynalılara tətbiq edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu