Niderland ABŞ-ın BCM nümayəndələrinə qarşı sanksiyalarını dəstəkləmir
Niderland hakimiyyəti ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane və baş prokuroru Abdulaye Seyeyə qarşı sanksiyalar tətbiq etməsini təqdir etmir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər naziri Tom Berendsen məlumat verib.
"Niderland BCM rəsmilərinə və əməkdaşlarına qarşı son sanksiyaları bəyənmir. Beynəlxalq məhkəmələr və tribunallar azad şəkildə öz mandatlarını yerinə yetirmək imkanına malik olmalıdırlar", – deyə o, "X" sosial şəbəkəsində yazaraq hökumətin BCM-ə və onun əməkdaşlarına tam dəstəyini ifadə edib. Berendsen əlavə edib ki, hökumətin görəcəyi dəstək tədbirlərini müzakirə etmək üçün BCM sədri Akaneni görüşə dəvət edib.
Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Marko Rubionun Akane və Seyeyə qarşı sanksiyaların tətbiq edildiyini təsdiqləyən bəyanatını yayıb. Hazırkı Amerika administrasiyası məhkəməyə qarşı artıq bir neçə dəfə sanksiya tətbiq edib. ABŞ Prezidenti Donald Tramp BCM rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərmanı 2025-ci il fevralın 6-da imzalayıb. Amerika hökuməti BCM-i Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı hüquqa zidd hərəkətlərdə ittiham edib. Sənəd ABŞ-ın və ya onun müttəfiqlərinin vətəndaşlarına qarşı təhqiqatlarda iştirak edən BCM əməkdaşlarına və onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verir.

