Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Rusiya ilə Ukrayna arasında qarşılıqlı olaraq 103 əsir hərbçinin mübadiləsi həyata keçirilib.
AFN.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynadan 103 rusiyalı hərbçinin alındığı, əvəzində isə 103 Ukrayna Silahlı Qüvvələri mənsubu hərbçinin təhvil verildiyi bildirilib.
Əsir mübadiləsi nəticəsində azad edilən rusiyalı hərbçilərin hazırda Belarusda olduğu qeyd edilən açıqlamada Rusiya İnsan Hüquqları üzrə Ali Komissarı Yana Lantratovanın da hərbçilərin yanında olduğu bildirilib.
Hərbçilərə zəruri psixoloji və tibbi yardım göstərildiyi vurğulanan açıqlamada onların müalicə və reabilitasiya üçün daha sonra Rusiya Müdafiə Nazirliyinə bağlı tibb müəssisələrinə köçürüləcəyi qeyd edilib.
Açıqlamada əsir mübadiləsinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə həyata keçirildiyi bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski də sosial media hesabında yayımladığı açıqlamada Rusiya ilə həyata keçirdikləri əsir mübadiləsini dəyərləndirib.
Zelenski mübadilə nəticəsində ölkəyə qaytarılan 103 hərbi qulluqçunun ölkənin müxtəlif bölgələrindəki cəbhə xətlərində xidmət etdiyini bildirib.
Əsir mübadiləsinin həyata keçirilməsində iştirak edən qruplara təşəkkür edən Zelenski “Bütün insanlarımızı evlərinə qaytarmaq üçün əlimizdən gələn hər şeyi edirik” ifadəsini işlədib.
Rusiya ilə Ukrayna arasında sonuncu dəfə iyunun 26-da 160 əsir hərbçi qarşılıqlı olaraq dəyişdirilmişdi.
ABŞ Prezidenti Donald Tramp mayın əvvəlində Rusiya ilə Ukrayna arasında mayın 9-11-ni əhatə edən 3 günlük müvəqqəti atəşkəs elan edildiyini və atəşkəsin hər iki ölkədən 1000 əsir hərbçinin qarşılıqlı şəkildə dəyişdirilməsini nəzərdə tutduğunu açıqlamışdı.
Rusiya və Ukrayna da Trampın sözügedən təşəbbüsünü qəbul etdiklərini açıqlamış, lakin müvəqqəti atəşkəs qüvvədə olduğu müddətdə əsir hərbçilərin mübadiləsi baş tutmamışdı.
Daha sonra iki ölkə arasında mayın 15-də qarşılıqlı olaraq 205 əsir hərbçinin mübadiləsi həyata keçirilib, ardınca isə iyunun 5-də qarşılıqlı olaraq 185 əsir hərbçi dəyişdirilib.
İki ölkə arasında sonuncu dəfə iyunun 26-da qarşılıqlı olaraq 160 əsir hərbçinin mübadiləsi həyata keçirilib.
