Trump: Kanada ilə olduqca ədalətli ticarət razılaşmasına gəldik



ABŞ Prezidenti Donald Tramp Kanada ilə sənədlərin yekunlaşdırılmasından asılı olaraq olduqca ədalətli ticarət razılaşmasına gəldiklərini bildirərək, ABŞ fermerlərinin bu ölkəyə gömrük rüsumu ödəməyəcəyini açıqlayıb. 

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində tikintisi davam edən helikopter meydançasında jurnalistlərə açıqlama verib.

Kanada ilə aparılan ticarət danışıqları ilə bağlı suala cavab verən Tramp, Kanada Baş naziri Mark Karni ilə yaxşı görüş keçirdiklərini və razılaşmaya gəldiklərini deyib.

Tramp bu gün Kanadadan idxal edilən bəzi məhsullara tətbiq olunması planlaşdırılan 50 faizlik gömrük rüsumunun qüvvəyə minəcəyinə işarə edərək, “Dünən zəng etdilər və əldə etməli olduğumuz şeyləri bizə verdilər. Hər iki tərəf üçün olduqca ədalətli bir razılaşma oldu. Fermerlərimiz üçün artıq gömrük rüsumları olmayacaq. Fermerlərimiz Kanadaya böyük məbləğdə gömrük rüsumları ödəyirdi və bu rüsumlar tamamilə aradan qaldırılaraq sıfıra endiriləcək” deyə bildirib.

Kanada istehsalı olan avtomobillərə tətbiq edilən tariflərin azaldılıb-azaldılmayacağı ilə bağlı suala cavab olaraq Tramp bəzi işlər gördüklərini söyləyib.

Tramp Kanadanın ABŞ-dan böyük gömrük rüsumları aldığını bildirərək, artıq heç bir gömrük rüsumunun olmayacağını qeyd edib.

Kanada məhsulları üçün planlaşdırılan 50 faizlik gömrük rüsumunu üç gün müddətinə təxirə saldıqlarını xatırladan Tramp “Sənədlərin son formasının hazırlanmasından asılı olaraq Kanada ilə razılaşmamız var və məncə, bu, hər iki tərəf üçün çox yaxşı razılaşmadır” ifadəsini işlədib.

Qeyd edək ki, Tramp Kanada üçün tətbiq edilməsi planlaşdırılan 50 faizlik tarifi qüvvəyə minməsinə saatlar qalmış 3 gün müddətinə dayandırdığını açıqlamışdı.

ABŞ Prezidenti sözügedən qərarı sənədlərin yekunlaşdırılması şərtilə ABŞ və Kanadanın razılaşmaya gəlməsi səbəbindən qəbul etdiyini bildirmişdi.

ABŞ Ticarət Nümayəndəliyindən (USTR) verilən açıqlamada bildirilib ki, razılaşmaya bütün Amerika malları üçün genişmiqyaslı bazara çıxış, iqtisadi təhlükəsizlik öhdəlikləri və rəqəmsal ticarət uyğunluğu ilə yanaşı, kanadalı tərəfdaşlarla birlikdə ABŞ bazarını və amerikalı işçiləri qorumağa davam edəcək müddəalar da daxil olacaq.

Digər tərəfdən, Kanada Ticarət naziri Dominik Leblank sosial media hesabında etdiyi paylaşımda ABŞ Ticarət Nümayəndəsi Ceymison Qreerlə gün ərzində paytaxt Vaşinqtonda görüşdüklərini bildirib.

Leblank “İki ölkə arasında yekun razılaşmaya gəlmək istiqamətində əməkdaşlıq şəraitində çalışırıq. İşlərimiz davam edir” ifadələrini işlədib.

Kanada Baş naziri Karni də məsələ ilə bağlı açıqlamasında Kanada-ABŞ ticarət danışıqlarında əldə edilən mühüm irəliləyişə görə Leblank və Qreeri təbrik edib.

Karni Kanadanın danışıqlara ümumilikdə ən yaxşı ticarət şərtləri ilə başladığını bildirərək, “İndi Kanadanın bu üstünlüyünü gücləndirən, ölkənin ən mühüm strateji sektorlarının hər birində ən yaxşı şərtlərin təmin edilməsini və gələcək ticarət əlaqələrimizlə bağlı daha çox proqnozlaşdırıla bilənlik yaradılmasını nəzərdə tutan razılaşmaya doğru irəliləyirik” deyə qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu