Pezeşkian: Danışıqlar təslim olmaq anlamına gəlmir
İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların təslim olmaq anlamına gəlmədiyini bildirərək, ölkəsinin gücünün zirvəsində olduğu bir vaxtda müdriklik, ləyaqət və maraqları nəzərə alaraq danışıqlar yolunda addım-addım irəliləməyi hədəflədiyini deyib.
AFN.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Tehranda müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların və ekspertlərin iştirakı ilə keçirilən “Bugünün qadınları, sabahın İranı” adlı xüsusi toplantıda Pezeşkian ABŞ-la müharibə və danışıqlar ehtimalı barədə danışıb.
İranın hücumlara qarşı ərazi bütövlüyünü müdafiə etdiyini və müharibəni məqsəd kimi görmədiyini deyən Pezeşkian “Danışıqlar prosesində gücümüzün zirvəsində, müdriklik, ləyaqət və maraqları nəzərə alaraq addım-addım irəliləyəcəyik. Məqsədimiz müharibəni başa çatdırmaq, mühasirəni aradan qaldırmaq, bloklanmış resursları azad etmək və daha sonra nüvə danışıqları aparmaq idi” deyib.
ABŞ-la danışıqların təslim olmaq anlamına gəlmədiyini bildirən Pezeşkian Çini nümunə göstərərək, “Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət göstərmək və əcnəbilərə qarşı milli mənsubiyyət hissini duymaq da vacibdir. Çətin zamanlarda xalqın dəstəyini yüksək qiymətləndirməliyəm” deyə qeyd edib.
