Pezeşkian: ABŞ və İsrail yenidən danışıqlar prosesində hücum edə bilər



İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar zamanı ABŞ-İsrail hücumlarına məruz qaldığını xatırladaraq, oxşar cəhdin təkrarlanma ehtimalının olduğunu bildirib. 

AFN.az xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

Regional və ikitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Pezeşkian "İran məsuliyyət hissi çərçivəsində ixtilafları dialoq və diplomatiya yolu ilə həll etmək səylərini hər zaman gündəmində saxlayıb. Lakin danışıqlar zamanı ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir cəhdin yenidən təkrarlanma ehtimalı var" deyib.

İran Prezidenti bu vəziyyətin ölkəsində ABŞ-a olan etimadın tamamilə itməsinə səbəb olduğunu da xüsusi vurğulayıb.

Belarus Prezidenti Lukaşenko isə çıxışında gərginliyin artmasının regionda və dünyada təhlükəsizlik və iqtisadi nəticələrindən duyduğu narahatlığı dilə gətirərək, ixtilafların dialoq və danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Lukaşenko qarşılıqlı etimad olmadan danışıqların qalıcı nəticəyə çata bilməyəcəyini qeyd edərək, tərəflər arasında etimad mühitinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə hər iki prezident ikitərəfli əlaqələrin mövcud vəziyyətini nəzərdən keçirərək, ortaq maraqlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və məsləhətləşmələrin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu