İsveçrə hava hücumundan müdafiəni gücləndirmək üçün əlavə 970 milyon frank istəyir
İsveçrə hökuməti artan təhdidləri əsas gətirərək hava hücumundan müdafiə sistemini gücləndirmək üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsait tələb edib.
AFN.az xəbər verir ki, İsveçrənin ictimai yayım qurumu SRF-nin məlumatına görə, hökumətin açıqlamasında artan təhdid vəziyyəti əsas gətirilərək hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin planlaşdırıldığı bildirilib.
Açıqlamada bu məqsədlə parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsait tələb edildiyi qeyd olunaraq, “Sözügedən vəsaitlər silahların çatdırılma tarixlərini təmin etmək üçün ilkin ödənişlərin həyata keçirilməsində istifadə olunacaq. Xüsusilə 250 milyon İsveçrə frankı qısa mənzilli yerüstü hava hücumundan müdafiə, 650 milyon İsveçrə frankı isə orta mənzilli yerüstü hava hücumundan müdafiə üçün ayrılıb” ifadəsi işlədilib.
Radar və mini pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinə də 70 milyon İsveçrə frankı məbləğində investisiya qoyulacağı bildirilən açıqlamada, istehsalçıların getdikcə daha çox ilkin ödəniş tələb etdiyi və bu ödənişlər edilmədiyi təqdirdə tədarüklərin illərlə gecikə biləcəyi qeyd olunub.
Açıqlamada 970 milyon franklıq kreditin korporativ vergidən əldə olunan gəlirlərin artması və federal hökumətin buna uyğun olaraq yaxşılaşan gəlir proqnozları sayəsində maliyyələşdirilə biləcəyi də vurğulanıb.
