Makron keçmiş baş naziri "Fəxri Legion" ordeninin imtiyazlarından məhrum edib
Fransa Prezidenti Emmanuel Makron 2025-ci ildə dörd il müddətinə şərti həbs cəzasına məhkum edilmiş respublikanın keçmiş baş naziri Fransua Fiyonu 10 il müddətinə "Fəxri Legion" ordeninin böyük zabiti hüquq və imtiyazlarından istifadə etmək imkanından məhrum edib.
AFN.az xəbər verir ki, müvafiq fərman Fransa Respublikasının "Journal officiel" rəsmi qəzetində dərc olunub.
"Respublika prezidentinin 19 avqust 2026-cı il tarixli fərmanı ilə 1954-cü il martın 4-də Sart departamentinin Le-Man şəhərində anadan olmuş Fransua Fiyon fərmanın bildiriş edildiyi gündən başlayaraq 10 il müddətinə "Fəxri Legion" ordeninin böyük zabiti keyfiyyətinə bağlı hüquq və imtiyazlardan istifadə etməkdən məhrum edilir", – deyə mətndə qeyd olunur.
Sənəddə həmçinin göstərilir ki, analoji müddət ərzində ona "Fəxri Legion" ordeninin Böyük Dəftərxanasının tabeliyində olan istənilən Fransa və xarici mükafatlarının nişanlarını daşımaq qadağan edilir".
Bununla yanaşı, keçmiş baş nazir 10 il müddətinə ali dərəcəsinə – Böyük Xaç kavaleri tituluna – sahib olduğu "Xidmətlərə görə" Milli Ordeninin imtiyazlarından da məhrum edilib. Bu barədə dərc olunan digər fərmanda bildirilir.
Paris Apellyasiya Məhkəməsi 17 iyun 2025-ci ildə Fiyonu dörd il müddətinə şərti azadlıqdan məhrum edib. Məhkəmə həmçinin siyasətçiyə 375 min avro məbləğində cərimə kəsib və beş il müddətinə seçkilərdə iştirak etməyi qadağan edib.
Fiyon ətrafındakı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı baş qaldırmışdı. Həmin vaxt o, Fransa sağ-mərkəzçilərinin aparıcı fiquru idi. "Le Canard enchaîné" həftəlik qəzeti iddia etmişdi ki, keçmiş baş nazir və prezidentliyə namizədin həyat yoldaşı Penelopa Fiyon səkkiz il ərzində heç bir iş görmədən parlament köməkçisi kimi əməkhaqqı alıb. İlkin olaraq onu bu vəzifəyə Milli Məclisin (respublika parlamentinin aşağı palatası) deputatı olarkən siyasətçinin özü rəsmiləşdirib. Fiyon baş nazir təyin edildikdən sonra həyat yoldaşını deputat kürsüsündəki xələfi Mark Julo yenidən rəsmiləşdirib.
2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu iş üzrə təqsirli bilərək ona iki ili həbsxanada çəkilməklə beş il azadlıqdan məhrumetmə cəzası kəsib. 2022-ci ildə cəza Paris Apellyasiya Məhkəməsi tərəfindən yüngülləşdirilib: Fiyon bir ili real həbs olmaqla dörd il azadlıqdan məhrum edilib. Bu zaman o, 10 il müddətinə seçilmək hüququndan da məhrum edilib. 2024-cü ilin aprelində Fransanın Kassasiya Məhkəməsi – ali instansiya – Fiyonun təqsirini təsdiqləyib, lakin cəzanın və vurulmuş ziyanın məbləğinin dəqiqləşdirilməsini tələb edərək işi əlavə baxılması üçün Paris Apellyasiya Məhkəməsinə göndərib və həmin məhkəmə 17 iyun 2025-ci ildə son hökmü çıxarıb. Fiyon 2026-cı ilin fevralında Kassasiya şikayətini geri götürdükdən sonra cəza qəti xarakter alıb.



