İranda yanacağa qənaət planı: dövlət binaları və hovuzlar bağlanacaq



İran hökuməti elektrik enerjisi istehsalında istifadə olunan yanacağa qənaət məqsədilə bir sıra dövlət obyektlərinin fəaliyyətini məhdudlaşdırmağa hazırlaşır.

AFN.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dövlətə məxsus konfrans zallarının, üzgüçülük hovuzlarının və binaların böyük hissəsinin bağlanacağını və ya birləşdiriləcəyini açıqlayıb.

Pezeşkian bu barədə Daxili İşlər, Neft, Enerji, Sənaye, Mədən və Ticarət nazirliklərinin nümayəndələrinin iştirak etdiyi Yanacaq Komitəsinin toplantısında danışıb.

İran Prezidenti elektrik enerjisindən istifadənin səmərəliliyinin artırılmasında hökumətin nümunə göstərməli olduğunu bildirib. Onun sözlərinə görə, yanacaq sərfiyyatını azaltmaq və enerji böhranının təsirlərini yüngülləşdirmək üçün dövlət obyektlərinin bir hissəsinin bağlanması və ya birləşdirilməsi nəzərdə tutulur.

Pezeşkian dövlət qurumlarının, o cümlədən valiliklərin yerləşdiyi binalarda damüstü günəş panellərinin daha geniş tətbiqinin də gündəmdə olduğunu bildirib.

Prezident ölkədə mövcud yanacaq və enerji vəziyyətinin media vasitəsilə ictimaiyyətə açıq şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. O, hər bir vətəndaşın və istehsal müəssisəsinin enerji istehlakının optimallaşdırılmasına töhfə verməli olduğunu qeyd edib.

Pezeşkianın sözlərinə görə, cəmiyyətdə enerjidən səmərəli istifadə və düzgün enerji idarəçiliyi mədəniyyəti formalaşarsa, ölkənin yanacaq idarəetmə sisteminin də yaxşılaşdırılması mümkün olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu