Aİ sosial şəbəkələrə yaş məhdudiyyəti ilə Trampı qıcıqlandırmaq istəmir - media
Avropa İttifaqı uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq etmək planını ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə texnologiya sahəsində münasibətlərdə yaranmış "kövrək atəşkəsi" qorumaq baxımından nəzərdən keçirir.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, Brüssel uşaqların rəqəmsal platformalara çıxışını məhdudlaşdırmaqla bağlı planların Vaşinqtonla texnologiyaların tənzimlənməsi məsələsində yenidən gərginlik yarada biləcəyindən ehtiyat edir.
Aİ rəsmilərindən biri qəzetə bildirib ki, Brüssel "lazımsız təxribatlardan" yayınmağa çalışır.
"Biz axmaq deyilik və texnologiya sahəsində lazımsız təxribatlardan qaçırıq", - deyə avropalı məmur bildirib.
"Financial Times"ın məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bütün rəqəmsal platformalar üçün yeni yaş həddi təklif etməyə hazırlaşır. Plana əsasən, 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması, daha böyük yeniyetmələr üçün isə mərhələli giriş imkanlarının tətbiqi nəzərdə tutulur.
Bundan başqa, asılılıq yaradan xüsusiyyətlərə malik oyun platformalarına da məhdudiyyətlərin tətbiqi müzakirə olunur.
Fon der Lyayen daha əvvəl sosial şəbəkələrin uşaqlara "böyük zərər" vurduğunu, asılılıq yaratdığını və onların psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini bildirib.
Avropa Komissiyasının yeni yaş məhdudiyyətləri ilə bağlı konkret planlarını sentyabr ayında açıqlaması gözlənilir. Yeni qaydalar rəqəmsal platformalara müəyyən yaş həddinə çatmayan uşaqların hesab yaratmasının qarşısını almaq öhdəliyi də gətirə bilər.
