Trampın təyyarəsində gözlənilməz insident: təcili çıxış sistemi işə düşdü
ABŞ Prezidenti Donald Trampın Texasda Respublikaçılar Partiyasının ara seçki qurultayına getmək üçün istifadə edəcəyi Air Force One təyyarəsində gözlənilməz insident baş verib.
AFN.az xəbər verir ki, hadisə Trampın təyyarəyə minməsindən az əvvəl Merilend ştatındakı Joint Base Andrews hərbi bazasında qeydə alınıb. Hərbçilərin yol verdiyi səhv nəticəsində təyyarənin fövqəladə vəziyyət zamanı sərnişinlərin təxliyəsi üçün nəzərdə tutulan şişmə sürüşkəni təsadüfən açılıb.
Tramp hadisə zamanı bir müddət helikopterində gözləyib. Daha sonra uçuş-enmə zolağında jurnalistlərə açıqlama verən prezident təhlükəsizliklə bağlı hər hansı narahatlığın olmadığını bildirib və heyətin sistemi yoxladığını deyib.
Prezidentin sözlərini Ağ Ev də təsdiqləyib. Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq sistemlərin normal işlədiyinə əmin olmaq üçün lazımi yoxlamaların aparıldığını açıqlayıb.
Texniki yoxlamalar səbəbindən uçuş bir qədər gecikib. Buna baxmayaraq, Air Force One daha sonra Dallas şəhərinə problemsiz şəkildə eniş edib.
Sözügedən təyyarə Qətər Kral Ailəsi tərəfindən hədiyyə edilən Boeing 747-8 modelidir. Lüks təyyarə sürətləndirilmiş yenilənmə prosesindən keçirildikdən sonra iyul ayında Trampın istifadəsinə verilib.
Yeni təyyarə istifadəyə verildiyi gündən etibarən onun təhlükəsizlik avadanlıqları və standart Air Force One səviyyəsinə uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
Ağ Ev rəsmiləri təyyarədə təhlükəsizlik problemi olmadığını dəfələrlə bildirsələr də, məsələ ilə bağlı məlumatlı iki mənbə iyul ayında yeni təyyarənin Trampın daha əvvəl istifadə etdiyi köhnə təyyarədəki bütün təhlükəsizlik tədbirlərinə malik olmadığını etiraf edib.

