Neft bazarında gərginlik: “Brent”in qiyməti 100 dollardan yuxarı qalır



Beynəlxalq bazarlarda “Brent” markalı neftin bir barelinin qiyməti 100 dollar həddinin üzərində qərarlaşıb.

AFN.az xəbər verir ki, “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti bu gün Bakı vaxtı ilə saat 10:30-da əvvəlki sessiyanın yekun göstəricisi ilə müqayisədə 0,9 faiz azalaraq 100,30 dollara düşüb.

Ötən gün “Brent”in bir bareli 101,87 dollara qədər bahalaşıb, ticarət sessiyasını isə 101,21 dollar səviyyəsində başa vurub.

Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçerslərinin bir bareli 95,45 dollar təşkil edib.

Neft qiymətlərində müəyyən geriləmə müşahidə olunsa da, ABŞ ilə İran arasında artan gərginliyin qlobal neft tədarükündə fasilələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar qiymətlərin 100 dollar həddindən yuxarı qalmasına səbəb olur.

Yaxın Şərqdə neft tankerlərinin birbaşa hədəfə alınması ilə gərginliyin artması və qarşıdurmanın daha da şiddətlənə biləcəyi ilə bağlı ehtimallar fonunda “Brent”in qiyməti ötən gün təxminən iki aydan sonra ilk dəfə yenidən 100 dolları keçib.

Analitiklər qarşılıqlı hücumların davam etməsinin Fars körfəzindən neft axınında yaranan problemlərin bir müddət də sürməsinə səbəb ola biləcəyini bildirirlər.

Digər tərəfdən, bu gün bazar iştirakçıları ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqlayacağı kommersiya xam neft ehtiyatlarına dair məlumatları da izləyəcəklər.

Texniki təhlillərə əsasən, “Brent” neftinin bir bareli üçün 100,53 dollar müqavimət, 99,69 dollar isə dəstək səviyyəsi kimi qiymətləndirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu