Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin gələcəyinə verilən dəyərdir - Yazgül Abdiyeva
Səhiyyə sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi hər zaman xüsusi əhəmiyyət daşıyır. Çünki həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları insanların sağlamlığı və həyatı ilə bağlı ən məsuliyyətli sahələrdən birində çalışırlar. Onların gündəlik fəaliyyəti yüksək peşəkarlıq, diqqət, səbr və böyük məsuliyyət tələb edir.
Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs səhiyyə sahəsində çalışan insanların əməyinə və sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni tibbi xidmət imkanlarının yaradılması və kadr potensialının gücləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir.
Səhiyyənin inkişafı yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Xüsusilə gələcəyimiz olan uşaqların sağlamlığının qorunması bu istiqamətdə xüsusi diqqət tələb edir.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsi məqsədilə TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətli addımlardan olub.
Tibb işçisinin fəaliyyətini yalnız iş saatları ilə ölçmək mümkün deyil. Həkimlər və digər səhiyyə əməkdaşları daim biliklərini yeniləyir, yeni müalicə üsullarını öyrənir, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir və hər gün insanların sağlamlığı üçün böyük məsuliyyət daşıyırlar. Bu əməyin arxasında illərlə davam edən təhsil, zəhmət, təcrübə və fədakarlıq dayanır.
Məhz buna görə bu addımlar onların əməyinə verilən dəyərin, dövlət tərəfindən səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğının ifadəsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi onun sosial rifahına təsir etməklə yanaşı, peşəsinə olan motivasiyasını da gücləndirir.
Biz Azərbaycan həkimlərinin yalnız ölkə daxilində deyil, dünya miqyasında da daim yüksək mövqelərdə olmasını, peşəkarlığı və nailiyyətləri ilə beynəlxalq səviyyədə tanınmasını arzulayırıq. Müasir tibb müəssisələri, yeni avadanlıqlar, inkişaf edən tibbi texnologiyalar və peşəkar kadrların hazırlanmasına göstərilən diqqət Azərbaycan səhiyyəsinin gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır.
Səhiyyənin inkişafından danışarkən yalnız yeni xəstəxanalar, müasir avadanlıqlar və texnologiyalar haqqında danışmaq kifayət deyil. Bütün bu imkanlardan istifadə edən, xəstənin yanında olan, onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıyan tibb işçisinin də daim diqqətdə saxlanılması təqdirəlayiqdir. Bu baxımdan onların sosial rifahının yaxşılaşdırılması səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
"Sağlamlığın Qorunması" İctimai Birliyi olaraq tibb sahəsində həyata keçirilən yenilikləri hər zaman alqışlayır, bu sahədə çalışan ictimai birliklərə və səhiyyə əməkdaşlarına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı bu təşəbbüsünə və səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.
Yazgul Abdiyeva,
Tibb elmləri doktoru



