Mal-qara üçün verilməsi planlaşdırılan subsidiya tənqid olundu
Dünən xırdabuynuzlu heyvanlar üçün verilən (əslində vermək istəmədikləri) subsidiyalar haqqında yazmışdım. Gəlin indi iribuynuzlu mal-qara üçün nəzərdə tutulan subsidiyalara, camışla dananı ayıra bilməyənlərin yeni qərarlarına baxaq.
AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi qərar verib ki, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə, kəsim zamanı hər kq diri çəki üzrə 0,4 manat (40 qəpik) məhsul subsidiyası veriləcək – yəni, 600 kq diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya ala bilərsən:
"Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənən heyvanları, ortalama, 300-350 kq diri çəkisi olanda kəsirlər. Məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kq olanda kəsmə, onları yedizdir, 600 kq olanda kəs, sənə 240 manat subsidiya verəcək – yəni, güya, Məhəmməd dayını təşviq edirlər. İngilis dilini bilməyən, amma, mal-qaranın dilini-dərdini yaxşı bilən Məhəmməd dayı indi otutub hesablayır ki, öz cöngəsinin çəkisini daha 250 kq artırmaq, onu bordamaq üçün (bu sözü məmurlar bilməz) daha çox yem lazımdır. Ətlik üçün bəslənən dana gündə ortalama 25–50 kiloqram arasında ümumi yem (ot, silos və qüvvəli yem qarışığı) istehlak edir. Dayı öz danasını, bir ilə yaxın bəsləməlidir ki, çəkisi 350 kq-dan, 600-700 kq-ya gəlsin.
Bu da gündə:
- Qüvvəli yem və kəpək: 5–7 kq (1 kq 0.45–0.60 AZN), 2.50 – 4.00 AZN
- Qaba yem (Yonca, ot, saman balyası): 10–12 kq, 1.50 – 2.50 AZN
- Silos/Çuğundur jomu və mineral qatqılar: 0.50 – 1.00 AZN
- Cəmi günlük xərc: 4.50 – 7.50 AZN (aylıq təxminən 140 – 220 AZN) edir.
Məhəmməd dayı 1 il danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600+ kq çəkəyə çatdırmaq üçün, ildə, hardasa, 1500-2000 manat xərcləməlidir (hələ mən bunun əziyyətini, zülmünü demirəm) ki, axırda ingilisdilli məmurlar ona 240 manat versin. Şəhərdə böyüyən, camışa "əjdaha" deyən nəslin ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələri, belə bir subsidiyalaşma düşünüblər".





