Kreml: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların bərpası mümkündür
Kremlin sözçüsü Dmitri Peskov ABŞ nümayəndələrinin Moskva və Kiyevdəki təmaslarının sülhə doğru atılan bir addım olduğunu bildirərək, “Üçtərəfli formatda danışıqların yenidən başladılması ehtimalını istisna etmirik” deyib.
AFN.az xəbər verir ki, Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevdəki təmaslarını dəyərləndirən Peskov “Şübhəsiz ki, az və ya çox təsirli olan hər bir təşəbbüs sülhə doğru atılan kiçik bir addımdır. Bu baxımdan amerikalı danışıqlar aparan şəxslərin sülhün təmin olunmasına yönəlmiş səylərinə həqiqətən böyük dəyər veririk” deyə bildirib.
Amerikalı nümayəndələrin Ukraynadakı təmaslarının nəticələri barədə Rusiya tərəfinə məlumat verilmədiyini bildirən Peskov bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tuta biləcəyini deyib.
Dmitri Peskov ABŞ, Rusiya və Ukrayna arasında böhranın həllinə yönəlmiş danışıqların yenidən başladılması ehtimalına dair “Üçtərəfli formatda danışıqların yenidən başladılması ehtimalını istisna etmirik, lakin danışıqların keçiriləcəyi yer və tarixlər barədə danışmaq hələ tezdir” ifadəsini işlədib.
Peskov ABŞ-li danışıqlar aparan şəxslərin təkliflərinin Ankoric sammitindəki təkliflərdən nə dərəcədə fərqləndiyi və yeni təkliflərdə mübahisəli məsələlərin olub-olmaması ilə bağlı suala cavab verməyib.
Norveçin Rusiya sərhədinə artilleriya batalyonu yerləşdirmək planlarını dəyərləndirən Peskov bunun Rusiyaya qarşı yönəldiyini və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb.
Sözçü Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini də bildirib.
