Zelenski: Müharibə böyük ehtimalla qış aylarında da davam edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski mövcud vəziyyətin müharibənin qış başlamadan başa çatacağı ilə bağlı gözlənti yaratmaq üçün yetərli olmadığını deyərək, “Müharibə böyük ehtimalla qış aylarında da davam edəcək” deyib.
AFN.az xəbər verir ki, Zelenski Ukraynadakı müharibənin başa çatdırılmasına yönəlmiş təmaslar üçün Kiyevə gələn ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner ilə birgə mətbuat konfransı keçirib.
ABŞ və Avropa ilə yaxın zamanda yeni görüş keçirilməsi barədə razılaşdıqlarını bildirən Zelenski görüşün Avropada, ABŞ-də və ya yenidən Ukraynada keçirilməsinin hələ dəqiq olmadığını deyib.
Vitkoff və Kuşnerin Rusiyanın Prezidenti Vladimir Putinlə Moskvada keçirdikləri görüş və bu gün Kiyevdə apardıqları təmaslardan sonra danışıqlar prosesini faktiki olaraq yenidən başlatdıqlarını bildirən Zelenski həll edilməmiş ən mühüm məsələnin ərazi məsələsi olduğunu, bu kimi məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyini qeyd edib.
Zelenski müharibədən sonra Ukraynaya veriləcək təhlükəsizlik və iqtisadi təminatları müzakirə etdiklərini, təhlükəsizliyin təməlində güclü Ukrayna ordusunun dayanmalı olduğunu və təminatların Rusiyanın yeni hücumu ehtimalını aradan qaldırmalı olduğunu bildirib.
Vitkoff və Kuşnerin səfəri zamanı Rusiyanın hücumlarının azaldığını xatırladan Zelenski “Hətta Patriotdan da yaxşı işlədiniz. Daha tez-tez gəlin ki, xalqımız bir qədər də olsa yaşaya bilsin” ifadələrini işlədib.
Zelenski mövcud vəziyyətin müharibənin qış başlamadan başa çatacağı ilə bağlı gözlənti yaratmaq üçün yetərli olmadığını bildirərək, “Müharibə böyük ehtimalla qış aylarında da davam edəcək” deyib.
ABŞ-nin gələn il Patriot hava hücumundan müdafiə sistemləri üçün raket istehsalını artıracağına işarə edən Zelenski Ukraynanın əlavə sistemlər əldə etməyi gözlədiyini vurğulayıb.
Almaniyanın da ABŞ lisenziyası çərçivəsində raket istehsalını artırdığını və Kiyevin bu məsələ ilə bağlı zəruri razılaşmalara malik olduğunu bildirən Zelenski gələn il Ukraynanın raketdən müdafiəsinin əhəmiyyətli dərəcədə güclənəcəyinə inandığını deyib.
Ukraynanın yeni tipli Rusiya reaktiv dronlarına qarşı öz müdafiə sistemlərini də inkişaf etdirdiyini bildirən Zelenski 67 Ukrayna şirkətinin bu dronların qarşısının alınması istiqamətində iş apardığını, onlardan 3-5-nin nəticə verdiyini və seriyalı istehsala hazırlıq görüldüyünü söyləyib.
Rusiyanın Ukraynanın şərqindəki qüvvələrini artırdığını iddia edən Zelenski Moskvanın yeni səfərbərlik elan edə biləcəyini irəli sürüb.
Ukraynanın son 10-12 ay ərzində döyüş meydanında gücləndiyini və bunun diplomatiya üçün imkan yaratdığını bildirən Zelenski qarşılarındakı ən mühüm çətinliklərin sərt qış və ordunun, müdafiə sənayesinin, eləcə də humanitar xərclərin maliyyələşdirilməsindəki kəsir olduğunu qeyd edib.
Trampın xüsusi nümayəndəsi Vitkoff həm Moskvada, həm də Kiyevdə keçirilən görüşlərdən məmnun olduğunu bildirib.
Vitkoff Trampın danışıqlar prosesini yenidən başlatmaq məqsədilə onun və Kuşnerin Kiyevə getməsini şəxsən istədiyini deyərək, görüşlərin yenidən başlamasının əhəmiyyətinə diqqət çəkib.
Kuşner isə “ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar formatına qayıtmaq istəyir. Bu format uzunmüddətli sülh danışıqlarında növbəti addım ola bilər” deyib.
Trampın münaqişələrin başa çatmasından sonra başlayacaq çərçivə danışıqlarına çatmaq istədiyini bildirən Kuşner Trampın ona və Vitkoffa yalnız müharibənin dayandırılmasını deyil, uzunmüddətli sülhü təmin edəcək sülh paketi hazırlamaq tapşırığı verdiyini açıqlayıb.
Kuşner dünən Putinlə keçirilən görüşü də konstruktiv adlandırıb.

