İran: Hörmüzün yeni dəhlizi ilə bağlı razılaşma yaxın günlərdə imzalanacaq
İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzai Omanla Hörmüz boğazının giriş və çıxışının İranın nəzarətində olacağı yeni dəhlizlə bağlı razılaşmanın yaxın günlərdə imzalanacağını açıqlayıb.
AFN.az xəbər verir ki, Rzai qatıldığı televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib.
Hörmüz boğazı ilə bağlı yeni qərar qəbul edəcəklərini və Omanla Hörmüz boğazının giriş və çıxışının İranın nəzarətində olacağı yeni dəhlizlə bağlı razılaşmanın yaxın günlərdə imzalanacağını deyən Rzai “Yaxın zamanda Hörmüz boğazı ətrafında məhdud bir ərazi elan edəcəyik” deyib.
Rzai sözügedən ərazinin ABŞ-nin dəniz blokadası tətbiq etdiyi ərazidən başlayaraq Hörmüz boğazı və Fars körfəzini əhatə edəcəyini bildirərək, elan ediləcək yeni əraziyə icazəsiz daxil olan hər bir gəminin İran tərəfindən qara siyahıya alınacağı barədə xəbərdarlıq edib.
Ölkəsinin Hörmüz boğazında tətbiq etdiyi tədbirləri sərtləşdirəcəyini bildirən Rzai İranın tətbiq edəcəyi sərt tədbirlərin raket hücumlarından daha çox təsir yaradacağını qeyd edərək, “Hörmüz boğazının açıq qalacağına dair öhdəliyi amerikalılar hücum və təxribat törətmədiyi təqdirdə verərik” deyib.
İranın ABŞ-nin döyüş gəmilərinə qarşı hücumlarından da danışan Rzai “48 saat əvvəl ilk dəfə gəmi əleyhinə raketimizi ABŞ döyüş gəmisi üzərində sınaqdan keçirdik” deyə bildirib.
Rzai İranla ABŞ arasında vasitəçi rolunu üzərinə götürən ölkələrin iki ölkə arasında imzalanan anlaşma memorandumunun həyata keçirilməsi məsələsində təsirsiz olduğunu iddia edib.
Ölkəsinin hazırda neft satdığını bildirən Rzai satılan neftin pulunun da toplandığını sözlərinə əlavə edib.
