İran: ABŞ ilə razılaşma imzalanmazdan əvvəl dəniz blokadası qismən qaldırıldı
İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-ın İran gəmilərinə tətbiq etdiyi dəniz blokadasını iki ölkə arasında 14 iyunda əldə olunmuş razılaşmanın imzalanmasından əvvəl qismən qaldırdığını bəyan edib.
AFN.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, Rəvançi bu barədə Xarici İşlər Naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rəvançi ABŞ ilə əldə olunmuş razılaşma çərçivəsində Hörmüz boğazının açılmasının və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının ləğvinin xüsusi vurğulandığını qeyd edərək, blokadanın aradan qaldırılmasının ən başından bəri onların əsas tələbi olduğunu və sənəd imzalanmazdan əvvəl bu məhdudiyyətin qismən ləğv edildiyini bildirib.
Qeyd edək ki, ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə aparılan təmaslar nəticəsində tərəflər İrana yönəlmiş hərbi münaqişələrə son qoymağı hədəfləyən anlaşma memorandumu üzərində razılığa gəldiklərini elan etmişdilər.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müqavilə imzaladığını və Hörmüz boğazının cümə günündən etibarən tamamilə açıq olacağını bəyan etdiyi halda, Tehran rəhbərliyi isə sözügedən anlaşma memorandumunun cümə günü İsveçrənin Cenevrə şəhərində imzalanacağını açıqlayıb.
