AYNA-dakı mənzərə: 2 illik "STP-Btech"ə milyonlarla manatlıq sifarişlər
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yolların xətlənməsi ilə bağlı növbəti satınalmanı yekunlaşdırıb.
AFN.az xəbər verir ki, tenderin qalibi "STP-Btech" MMC seçilib. Müqavilənin ümumi dəyəri 36 milyon 109 min 663 manatdır.
"STP-Btech" adı AYNA tenderlərində ilk deyil, görünən odur ki, sonuncu da olmayacaq. Açıq mənbələrdəki məlumatlar göstərir ki, cəmi iki il əvvəl yaradılmış "STP-Btech" qısa müddət ərzində agentliyin iri məbləğli sifarişlər verdiyi əsas şirkətlərdən birinə çevrilib.
"STP-Btech" MMC 4 aprel 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Texno-Park ərazisidir. Nizamnamə kapitalı 2,4 milyon manat, qanuni təmsilçisi isə Emre Yalçındır.
Qeydiyyatdan cəmi bir neçə ay sonra şirkət AYNA-nın satınalmalarında qalib olmağa başlayıb. Belə ki, 2024-cü ilin sentyabrında Bakı da daxil olmaqla ölkə ərazisində nişanlanma işlərinin görülməsi üçün "STP-Btech"lə 3 milyon 669 min 345 manatlıq müqavilə bağlanıb.
Bunun ardınca təmir olunan küçə, prospekt və magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə daha bir müqavilə imzalanıb: 16,9 milyon manat dəyərində. Beləliklə, şirkətin yaradılmasından bir neçə ay sonra AYNA ilə milyonlarla manatlıq müqavilələr seriyası başlayıb.
2025-ci ildə isə "STP-Btech"ə verilən sifarişlərin həcmi daha da artıb. Həmin ilin iyun ayında açıqlanan məlumatlara əsasən, AYNA respublika ərazisində yolların xətlənməsi üçün şirkətə 17 milyon 603 min 241 manat, nişanlanma işləri üçün isə 14 milyon 692 min 116 manat ödəməyi nəzərdə tutub. İki müqavilənin ümumi məbləği 32 milyon 295 min 357 manat təşkil edib.
Araşdırmalarımız göstərir ki, 2025-ci il ərzində AYNA ilə "STP-Btech" arasında bağlanan müqavilələrin ümumi dəyəri 77 milyon 309 min 814 manata çatıb. Bununla da şirkətin AYNA-dan aldığı tenderlərin ümumi dəyəri 100 milyon manatı ötüb. Bəzi açıq mənbələrdə bu rəqəm 110,4 milyon manat göstərilir. Son tender nəticələrinə görə isə həmin məbləğin üzərinə daha 36,1 milyon manat əlavə olunur.
Təbii ki, məqsədimiz "STP-Btech"in yol xətlənməsi və nişanlanma işlərini həyata keçirib-keçirə bilməməsini sual altına almaq deyil. Şirkətin öz təqdim etdiyi məlumata görə, onun əsas fəaliyyət istiqamətləri yol xətlərinin çəkilməsi, yol nişanlarının istehsalı və quraşdırılması, eləcə də yol təhlükəsizliyi avadanlıqları ilə bağlıdır. Diqqətçəkən məqam şirkətin çox qısa müddətdə AYNA-nın iri podratçıları sırasında yer almasıdır. Bu baxımdan şirkətin texniki imkanlarının, əvvəlki təcrübəsinin, maliyyə resurslarının və iri həcmli dövlət sifarişlərini icra etmək qabiliyyətinin hansı meyarlarla qiymətləndirilməsi sual doğurur.
Digər diqqətçəkən məsələ isə satınalma üsuludur. Belə ki, FED.az-ın yaydığı məlumata görə, 2024-cü ilin sentyabrından 2025-ci ilin iyun ayınadək eyni istiqamətli işlər üzrə "STP-Btech"ə verilən dörd sifariş tender keçirilmədən, bir mənbədən satınalma üsulu ilə bağlanıb. Həmin müqavilələrin ümumi dəyərinin təxminən 52,9 milyon manat olduğu bildirilir.
Bu rəqəm xüsusilə ona görə diqqət çəkir ki, söhbət eyni və ya bir-birinə yaxın iş istiqamətlərindən – yolların xətlənməsi və nişanlanmasından gedir.
Yeni müqavilənin həcmi də kifayət qədər böyükdür. Tender sənədlərinə əsasən, işlər çərçivəsində 2 milyon kvadratmetr sahədə soyuq boya ilə düz xətlərin çəkilməsi, on minlərlə kvadratmetr müxtəlif boya işlərinin görülməsi, köhnə yol xətlərinin silinməsi və yolların yuyulması nəzərdə tutulur. Bu baxımdan 36 milyon 109 min 663 manatlıq müqavilənin qiymətləndirilməsi zamanı yalnız ümumi məbləğə deyil, tender sənədlərində göstərilən hər bir iş növünün həcminə və vahid qiymətinə ayrıca baxılması vacibdir.
Ümumilikdə isə ortaya bir neçə sual çıxır: 2024-cü ildə yaradılmış şirkət bu qədər qısa müddətdə AYNA-nın əsas podratçılarından birinə necə çevrilib? İri həcmli müqavilələr verilərkən şirkətin texniki və maliyyə imkanları hansı əsaslarla qiymətləndirilir? Eyni istiqamətli işlər üzrə bir mənbədən satınalma üsulundan dəfələrlə istifadə edilməsinin səbəbi nə olub? Və nəhayət, 2025-ci ildə xətlənmə işlərinə on milyonlarla manat ayrıldıqdan sonra bir ildən az müddət ərzində yenidən 36,1 milyon manatlıq belə böyük sifarişə hansı ehtiyac yaranıb?
Bu sualların cavabı AYNA-nın satınalma sənədləri və müqavilələrin icra nəticələri ilə daha aydın görünə bilər. Əlbəttə, AFN.az olaraq bu sualları quruma ünvanlaya da bilərik. Amma cavab alacağımızdan əmin deyilik. Çünki bundan əvvəl AYNA-ya ünvanladığımız sorğu(lar) hələ də cavabsızdır.
Həbibə ABDULLA

