Lavrov: Almaniya yenidən müharibə istəyir



Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı qəbul etdiyi qərarları əsl müharibənin başlanğıcı adlandıraraq, “Onlar (almanlar) yenə müharibə istəyirlər” deyib.

AFN.az xəbər verir ki, Lavrov Rusiyanın Dövlət Televiziya və Radio Şirkətinə (RDTRŞ) verdiyi müsahibədə Almaniyanın Rusiyaya qarşı nümayiş etdirdiyi mövqeyi qiymətləndirib.

Almaniyanın Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsini əsas gətirərək ötən həftə Rusiyaya qarşı qərarlar qəbul etdiyini xatırladan Lavrov, bu qərarlar arasında Rusiyanın Bonn Baş Konsulluğunun və Berlindəki Rusiya Evinin bağlanmasının da olduğunu diqqətə çatdırıb.

Lavrov “Onlar (almanlar) bir PUA tapdılar və onun Rusiyaya aid olduğunu bildirdilər. Heç kim məsələnin əslini araşdırmadı. Bu, əslində, əsl müharibənin başlanğıcıdır. Almanların İkinci Dünya müharibəsindən əvvəl də diplomatik nümayəndəliklərini bağladığını xatırlayıram. Bu, qətiyyən qəbuledilməzdir. Onlar yenə müharibə istəyirlər” deyib.

Lavrov Almaniyanın tarixindən dərs çıxarmadığını vurğulayıb.

Xatırladaq ki, Almaniyanın Leypsiq-Halle hava limanında avqustun 4-də Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu ehtiva etdiyi ehtimal edilən PUA aşkarlanmışdı.

ABŞ kəşfiyyatı tapılan partlayıcı yüklü PUA-nın xüsusiyyətlərinin Rusiya hərbi kəşfiyyatına xas olduğunu iddia etmişdi.

Almaniya hökuməti sentyabrın 1-də hadisə ilə bağlı araşdırmada əldə edilən nəticələrin Rusiyanı məsul göstərdiyini bildirərək bir sıra tədbirlər açıqlamışdı.

Qərara əsasən, Rusiyanın Bonn Baş Konsulluğu sentyabrın 18-dən etibarən bağlanacaq, Berlindəki Rusiya Evi ilə bağlı müqaviləyə xitam veriləcək, Rusiya vətəndaşlarına giriş nəzarəti sərtləşdiriləcək və Rusiyanın qondarma “kölgə donanmasına” qarşı təzyiq artırılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu