İran ABŞ-yə xəbərdarlıq etdi: Siz də hədəf olacaqsınız
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana məxsus neft tankerlərini hədəf alacağı təqdirdə bölgədəki Amerika neft və təbii qaz şirkətlərini hədəfə alacaqları barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Qalibaf sosial media hesabında etdiyi açıqlamada ABŞ müdafiə naziri Pit Heqsetin İran tankerlərini məhv edib batıracaqları ilə bağlı ifadələrinə reaksiya verib.
Bölgədəki neft və təbii qaz istehsalı zəncirinin geniş əraziyə yayıldığını və əlçatan vəziyyətdə olduğunu bildirən Qalibaf “Bu sulardakı və obyektlərdəki Amerika neft və təbii qaz şirkətləri də eyni dərəcədə müdafiəsiz vəziyyətdədir. Aktivlərimizə hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Bunu daha əvvəl sübut etmişik. Artıq istifadəyə yararlı olmayan bazalardan soruşun” deyib.
Xatırladaq ki, ABŞ müdafiə naziri Heqset sentyabrın 5-də X hesabında etdiyi açıqlamada İranın ABŞ gəmilərinə atəş açacağı təqdirdə İranın neft tankerlərini məhv edib batıracaqlarını bildirmişdi.
Heqset həmçinin İranın neft tankerlərindən ibarət donanmasının müdafiəsiz olduğunu, ABŞ təyyarələri, gəmiləri və sualtı qayıqlarının bu donanmaya hücum etmək imkanına malik olduğunu iddia etmişdi.
