İngiltərə ilə İsrail arasında gərginlik artır: London yeni məhdudiyyətlərə hazırlaşır
İngiltərə hökuməti Qərb Şəriədə yerləşən İsrail məskənlərində istehsal olunan mallara və bu bölgələrdəki ticarətə yönəlik yeni məhdudiyyətlər elan etməyə hazırlaşır.
AFN.az xəbər verir ki, Londonun sanksiya hazırlığı ilə bağlı xəbərlərin ardından İsrail hökumətinin ifrat sağçı qanadından sərt açıqlamalar gəlib.
Xarici işlər naziri Ed Milibandın İcmalar Palatasında açıqlaması gözlənilən tədbirlər məskənlərdən gələn kənd təsərrüfatı məhsulları ilə yanaşı, mal və xidmət ticarətini əhatə edən sanksiyaları da ehtiva edir.
İngiltərə Baş naziri Endi Börnham İşçi Partiyasının deputatları ilə keçirdiyi qapalı toplantıda hazırlanan sanksiya planı barədə beynəlxalq liderləri və ABŞ Prezidenti Donald Trampı məlumatlandırdığını təsdiqləyib.
London rəhbərliyi İsrailin Şərqi Qüdsü təcrid etməyi hədəfləyən E1 bölgəsindəki təxminən 1200 qanunsuz yaşayış binasının tikintisi ilə bağlı tenderə reaksiya verərək, bu addımın iki dövlətli həll imkanını təhlükə altına atdığını və beynəlxalq hüququn pozulması olduğunu bildirib.
Londonda sanksiya hazırlığı ilə bağlı xəbərlərin ardından İsrail hökumətinin ifrat sağçı qanadından sərt açıqlamalar gəlib.
Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir İngiltərənin idarəçiliyində olan Folklend (Malvin) adalarının Argentina ərazisi kimi tanınması üçün Baş nazir Binyamin Netanyahuya çağırış edib.
Ben-Qvir Folklend adalarının Argentina xalqından güc tətbiq edilərək alındığını iddia edərək, işğal davam etdiyi müddətdə İngiltərəyə sanksiya tətbiq edilməsini istəyib.
Folklend adalarının suverenlik statusu uzun illərdir İngiltərə ilə Argentina arasında problem olaraq qalır.
İngiltərənin 1833-cü ildə suverenliyini elan etdiyi 12 min kvadratkilometr ərazisi olan Folklend adaları Argentinanın cənubunda Atlantik okeanında yerləşir. İngiltərənin xaricdəki ərazisi olan adalar müdafiə və xarici siyasət məsələlərində İngiltərədən asılıdır.
Argentina İspaniyadan əldə edilən müstəqillikdən sonra “Malvinas” adlandırdığı Folklend adalarının dolayı yolla özünə miras qaldığını müdafiə edir.
2 aprel 1982-ci ildə tarixə “Folklend müharibəsi” kimi düşən və 6 həftə ərzində qarşılıqlı itkilərin verildiyi müharibədən ingilislər qalib ayrılıb.
İsrail maliyyə naziri Bezalel Smotriç isə mövcud İngiltərə hökumətini hədəf alaraq İsraildəki İngiltərə səfiri Saymon Uoltersin dərhal ölkədən çıxarılmasını tələb edib.
Smotriç İngiltərənin İsrailə hücum edərək iqtisadi və sosial çöküşdən xilas olmağa çalışdığını iddia edib.
“İngiltərə səfirini (Saymon Uolters) bu axşam dərhal ölkədən çıxarın”, - deyə yazan Smotriç London rəhbərliyinin yəhudilərə və İsrailə hücum edərək iqtisadi və sosial çöküşdən xilas olmağa çalışdığını iddia edib.
Smotriç “İngiltərə mandatı başa çatıb” ifadəsini işlədib.

