UEFA-nın İsveçrədə yeni VAR mərkəzi açıldı
UEFA prezidenti Aleksander Çeferin İsveçrənin Nyon şəhərində yeni VAR mərkəzinin açılışını həyata keçirib.
AFN.az xəbər verir ki, UEFA-nın açıqlamasında İsveçrənin Nyon şəhərindəki baş qərargahında UEFA prezidenti Aleksander Çeferin, baş katibin müavini Giorgio Marchetti, Hakimlər direktoru Roberto Rosetti və bu həftə keçiriləcək oyunlara təyin olunan video köməkçi hakimlərin iştirakı ilə yeni VAR mərkəzinin açılışının keçirildiyi bildirilib.
Ən son texnologiyanı, daha yüksək əməliyyat səmərəliliyini və hakimlərin inkişafını vahid mərkəzləşdirilmiş mühitdə birləşdirən yeni VAR mərkəzinin aydın qərarvermə proseslərini dəstəkləyəcəyi, UEFA yarışlarında hakimlik keyfiyyətini və ardıcıllığını artıracağı qeyd edilib.
Açıqlamada 11 video əməliyyat otağını bir məkanda birləşdirən VAR mərkəzindən Avropadakı stadionlarla əlaqə yaradılaraq mövsüm ərzində 220-dən çox oyuna dəstək göstəriləcəyi bildirilib.
Yeni açılan VAR mərkəzinin UEFA-nın innovasiyaya, hakimlərin inkişafına və Avropa futbolunda hər bir yarış üçün mümkün olan ən yüksək ardıcıllıq standartlarına sadiqliyini əks etdirdiyini bildirən Roberto Rosetti “Yeni UEFA VAR Mərkəzi texnologiyamızı, təcrübəmizi və rəsmilərimizi eyni mühitdə bir araya gətirərək komandalarımızın ardıcıl şəkildə hazırlaşmasına, səmərəli əməkdaşlıq etməsinə və təzyiq altında daha yaxşı qərarlar qəbul etməsinə kömək edir” deyib.




