Kanada-ABŞ ticarət müharibəsində cavab zərbəsi: 30 milyard dollarlıq tariflər qüvvəyə minib
Kanada hökuməti ABŞ Prezidenti Donald Trampın Kanada mallarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumuna cavab olaraq hazırladığı qarşılıqlı tarifləri gecə yarısından etibarən qüvvəyə mindirib.
AFN.az xəbər verir ki, ABŞ-dan idxal edilən 20 milyard dollar dəyərində məhsulları əhatə edən tariflər 15 faizlə 50 faiz arasında dəyişən dərəcələrdə tətbiq olunacaq.
Kanada Baş naziri Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqların dalana dirənməsindən sonra qüvvəyə minən tədbirlər ABŞ məhdudiyyətlərindən ən çox zərər çəkən polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, kağız və elektronika kimi sahələri hədəf alır.
Kanada hökumətinin açıqlamasında bildirilib ki, tariflərin qüvvəyə minməsindən əvvəl yola salınmasına başlanılmış Amerika malları rüsumlardan azad ediləcək.
İki ölkə arasında ticarət danışıqları Vaşinqtonda aparılan təmaslardan sonra dayandırılıb. Baş nazir Karni ABŞ tərəfinin son anda masaya gətirdiyi şərtlərin qəbuledilməz olduğunu bildirərək danışıqlardan çəkildiklərini açıqlayıb.
Karni ABŞ nümayəndələrinin Kanadanın üçüncü ölkələrlə bağlayacağı ticarət sazişlərinə məhdudiyyət qoymaq istədiyini və Kvebekin dil və mədəniyyət hüquqlarına qarşı təhdidedici mövqe nümayiş etdirdiyini qeyd edib.
ABŞ rəsmiləri isə ticarət məhdudiyyətlərinin siyasi səbəblərlə rədd edildiyini iddia edib. İki ölkə arasında rəsmi danışıqların dayandırıldığı bildirilərkən, ABŞ Prezidenti Trampın son olaraq Kanadanın təyyarə istehsalçısı "Bombardier" şirkətinin ABŞ-dakı satışlarını əngəlləmək təhdidi gərginliyi daha da artırıb.
İctimai rəy sorğuları kanadalıların böyük hissəsinin Karninin sərt mövqeyini dəstəklədiyini göstərərkən, ABŞ-da isə əhalinin yalnız 20 faizinin Kanadaya qarşı əlavə gömrük rüsumlarını dəstəklədiyi məlum olub.
