İngiltərədə hava hərəkətinə nəzarət sistemində nasazlıq: Təxminən 300 reys ləğv edildi
İngiltərədə hava hərəkətinə nəzarət sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə təxminən 300 reys ləğv edilib.
AFN.az xəbər verir ki, İngiltərədə Milli Hava Hərəkəti Xidmətlərinin (NATS) uçuşların emalı sistemində yaranan texniki nasazlıq ölkənin ən böyük hava limanlarında yüzlərlə reysə təsir edib. NATS tərəfindən verilən açıqlamada problemin uçuşların emalı sistemində olduğu və yerli vaxtla saat 16:40 radələrində aradan qaldırıldığı bildirilib. Açıqlamada “Uçuşlar davam edir və hava məkanı açıqdır, lakin normal vəziyyətə qayıtmaq bir qədər vaxt aparacaq” deyilib.
Açıqlamada “Bu gün sərnişinlərin səfərlərində yaranan fasilələrə görə səmimi qəlbdən üzr istəyirik. Sərnişinlər uçuşlarının vəziyyətini aviaşirkətlərdən yoxlamağa davam etməlidirlər” ifadələri işlədilib. Texniki problemin səbəbi ilkin mərhələdə dəqiqləşməsə də, uçuşları izləyən Flightradar24 saytının məlumatlarına görə ölkə üzrə 300-ə yaxın reys ləğv edilib və yüzlərlə reysdə gecikmə yaranıb.
Heathrow Hava Limanının internet saytında Avropadakı istiqamətlərə həyata keçirilməsi planlaşdırılan çoxsaylı qısaməsafəli uçuşların ləğv edildiyi və ya gecikdiyi görülüb. FlightAware məlumatlarına görə, problem səbəbindən yalnız Heathrow Hava Limanında təxminən 100 reys ləğv edilib, 367 reysdə isə gecikmə yaşanıb. Gatwick Hava Limanında da ümumi uçuşların təxminən 31 faizinə bərabər olan 250 reysdə gecikmə qeydə alınıb.
Problem səbəbindən Londondakı Heathrow, Stansted və London City hava limanları ilə yanaşı, Mançester, Birmingem, Şotlandiya və Böyük Britaniyanın digər bölgələrindəki hava limanlarında da uçuşlarda fasilələr və gecikmələr yaşanıb. Hava limanlarının rəhbərlikləri yaranan problemlərə görə sərnişinlərdən üzr istəyərək, aktual uçuş məlumatları üçün birbaşa aviaşirkətlərlə əlaqə saxlamağa çağırıblar.
Ryanair problem səbəbindən 50 reysin ləğv edildiyini və 65 mindən çox sərnişinin gecikmələrdən təsirləndiyini açıqlayıb. EasyJet tərəfindən yayımlanan açıqlamada problemin Avropa üzrə gecikmələrə səbəb olduğu bildirilib. Eurocontrol isə İngiltərəyə gələcək bəzi təyyarələrin xarici ölkələrdəki hava limanlarında gözlədildiyini və fasilələrin axşama qədər davam edəcəyinin gözlənildiyini açıqlayıb.
Xatırladaq ki, NATS-ın uçuş planlarını avtomatik emal edən sistemində 2023-cü ildə də böyükmiqyaslı nasazlıq yaşanıb və 28 avqust 2023-cü ildə təxminən 1 500 reys ləğv edilib. Ləğvlər sonrakı günlərdə də davam edib və gecikmələrdən ümumilikdə 700 mindən çox sərnişin təsirlənib.
2025-ci ilin iyulunda da radarlarla bağlı texniki problem yaşanıb, 150-dən çox reys ləğv edilib və NATS ehtiyat sisteminə keçərək problemi aradan qaldırıb.
Bu gün yaşanan fasilələrdən sonra aviaşirkətlər NATS rəhbərliyinə yönəltdikləri tənqidləri sərtləşdiriblər. Ryanair NATS-ın baş icraçı direktoru Martin Rolfe-ni istefaya çağırıb.
Ryanair-in əməliyyatlar üzrə rəhbəri Neal McMahon “Tətilə gedən ailələr, işgüzar səfərə çıxanlar və İngiltərəyə səfər edən minlərlə insan bir daha NATS-ın qəbuledilməz uğursuzluğunun əvəzini ödəyib” deyib. McMahon hökumətin NATS-a hava hərəkətinə nəzarət sistemini idarə edə biləcək bir rəhbər təyin etməli olduğunu bildirib.
Wizz Air tərəfindən verilən açıqlamada isə “Kritik milli infrastruktur xidməti göstərən bir qurum aviasiya sistemini dayanma nöqtəsinə gətirməməlidir. NATS hazırkı vəziyyətdə öz vəzifəsini yerinə yetirə biləcək durumda deyil” deyilib.

