Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi
Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.
AFN.az xəbər verir ki, qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulacaq.
Fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edəcəklər.
Müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına bu Qaydaların 12 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunacaq.
Dəyişikliklərlə əlaqədar 10 və 12 nömrəli əlavələr yeni redaksiyada təsdiqlənib.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulurdu. Fiziki şəxslər kağız üzərində yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirdilər.




