Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü əldə ediblər
Fransa Alternativ Enerjilər və Atom Enerjisi Komissiyasından fizik Aleksis Forestyenin rəhbərlik etdiyi tədqiqatçılar suyun həddindən artıq təzyiq və temperatur altında yeni kristal quruluşunu laboratoriya şəraitində müşahidə etməyə nail olublar.
AFN.az xəbər verir ki, alimlər bu kəşfi su nümunələrini milyonlarla atmosfer təzyiqə və 2 min dərəcədən yüksək temperatura məruz qoyaraq həyata keçiriblər.
Adi şəraitdə qaz fazasına keçməsi və ya atomlarına parçalanması gözlənilən su yüksək təzyiq altında genişlənə bilmədiyi üçün ekzotik hala keçir.
Alimlər almaz zindanlar və lazerlə qızdırma üsullarından istifadə edərək su nümunələrini 2,3 milyon atmosfer təzyiqə (230 giqapaskal) və 2 min 630 kelvin (təxminən 2 min 357 dərəcə) temperatura məruz qoyublar.
Sinxrotron rentgen analizləri ilə araşdırılan suyun superionik xüsusiyyətlər göstərən və altıbucaqlı sıx düzülüş (hcp) adlandırılan kristal quruluşa keçdiyi müəyyən edilib.
Superionik buz nə tam bərk, nə də tam maye hesab edilən ekzotik maddə halı kimi xarakterizə olunur. Bu quruluşda oksigen atomları bərk kristal qəfəs daxilində sabit qalarkən, hidrogen nüvələri mayelərdə olduğu kimi sərbəst hərəkət edir.
Daha əvvəl səth mərkəzli kubik (fcc) quruluşda müşahidə edilən superionik buzun təzyiq və temperatur artdıqca qat dəyişdirərək hcp quruluşuna çevrildiyi müəyyən edilib. Təcrübələrdə 155 giqapaskal təzyiq və 2 min kelvin temperaturda qarışıq quruluş müşahidə edilərkən, 219 giqapaskal və 2 min 630 kelvində hcp quruluşunun tamamilə üstünlük təşkil etdiyi bildirilib.
Kəşf edilən bu yeni kristal quruluşun Uran və Neptun kimi buz nəhəngi planetlərin daxili quruluşunu anlamaqda mühüm rol oynaya biləcəyi bildirilir.
Həddindən artıq təzyiq altında olan planetlərin daxilində mövcud olduğu ehtimal edilən superionik buzun keçiricilik və mexaniki xüsusiyyətlərinin bu planetlərin mürəkkəb və qeyri-sabit maqnit sahələrinin yaranma proseslərinə işıq sala biləcəyi qeyd edilir.
Tədqiqatın nəticələri Physical Review Letters jurnalında dərc olunub.
