OpenAI 90 illik riyaziyyat problemini 88 saata həll edib



OpenAI yeni süni intellekt modeli və minlərlə süni intellekt agentindən istifadə edərək onilliklərdir həll olunmayan mürəkkəb riyaziyyat problemini saatlar ərzində həll etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, ChatGPT-nin yaradıcısı olan şirkət avtonom fəaliyyət göstərən təxminən 10 min süni intellekt agentini vahid tapşırığa yönəldərək çətin riyaziyyat problemini 88 saata həll etdiyini bildirib.

Mayelərin hərəkətini öyrənən Navye-Stoks tənliklərinin bir hissəsi olan və 90 ildir sübut edilə bilməyən problemlə bağlı əldə olunan bu nəticə şirkət tərəfindən süni intellektin inkişafı baxımından kritik dönüş nöqtəsi kimi qiymətləndirilib.

Əldə edilən həll hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və Minilliyin Mükafatlarını təşkil edən Kley Riyaziyyat İnstitutu tərəfindən rəsmi olaraq təsdiq edilməyib.

Şirkət avqustun sonunda təliminə başladığı yeni modelin riyaziyyatda üstün performans göstərdiyini və bu modeli hələ ictimaiyyətə təqdim etməyərək şirkət daxilindəki tədqiqatlarda istifadə etdiyini açıqlayıb.

OpenAI sentyabrın 1-də iki Minilliyin Mükafatı probleminin həll edildiyi barədə yayılan şayiələrdən sonra minlərlə süni intellekt botunu qalan problemləri həll etmək üçün işə cəlb edib.

Sentyabrın 5-nə olan məlumata görə, təxminən 88 saatlıq işdən sonra Navye-Stoks varlıq və hamarlıq probleminə bir həll tapılıb. Turbulentliyin əsasını təşkil edən bu problemi həll edən botların proses ərzində təxminən 3 milyon mesaj paylaşdığı və 130 milyard çıxış tokenindən istifadə etdiyi bildirilib.

Bu miqyasda əməliyyatın şirkətin mövcud qiymət tarifinə əsasən təxminən 10 milyon dollara başa gəldiyi hesablanıb.

Agentlərin əldə etdiyi həll Minilliyin Mükafatı çərçivəsində tələb olunan dörd ifadədən ikisini sübut edib. OpenAI məqsədlərinin süni intellektin çatdığı səviyyəni nümayiş etdirmək olduğunu və 1 milyon dollarlıq mükafatı tələb etmək niyyətində olmadıqlarını bildirib.

Açıqlamadan sonra riyaziyyat dünyasında müzakirələr başlayıb. Nyu-York Universitetinin riyaziyyat professoru Tristan Bakmaster və rəqib süni intellekt şirkəti Anthropic-də çalışan Levent Alpoqe eyni problem üzərində işlədiklərini və bu prosesdə OpenAI-ın Codex alətindən yararlandıqlarını bildiriblər.

Bakmaster sentyabrın 3-də apardığı işlərlə bağlı məlumatların OpenAI-a sızdırıldığını öyrəndiyini iddia edib. Şirkətin onun əldə etdiyi irəliləyişlərdən xəbərdar olduqdan sonra bu sahəyə yönəldiyini iddia edən Bakmaster elektron poçt yazışmalarını da ictimaiyyətlə bölüşüb.

OpenAI isə Bakmaster və Alpoqenin işlərini təbrik edərək, ictimaiyyətə açıqlanana qədər sözügedən araşdırmalardan xəbərdar olmadığını bildirib.

İstifadəçi məlumatlarının pozulmadığını bildirən şirkət anonimləşdirilmiş məlumatların modellərə töhfə verməsi ehtimalının olduğunu, lakin təqdim edilən sübutların və əldə olunan nəticələrin bir-birindən tamamilə fərqli olduğunu müdafiə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu