OpenAI 80 illik riyaziyyat problemini həll etdi
Süni zeka şirkəti OpenAI inkişaf etdirdiyi texnologiyanın 80 illik bir riyaziyyat problemini müvəffəqiyyətlə həll edərək məntiqi mühakimə qabiliyyətlərində yeni bir mərhələyə keçdiyini elan edib.
AFN.az xəbər verir ki, macar riyaziyyatçı Paul Erdös tərəfindən 1946-cı ildə ortaya atılan "müstəvi vahid məsafə problemi" (planar unit distance problem) mövzusunda əhəmiyyətli bir uğur əldə etdiyini açıqlayıb.
Erdös tərəfindən irəli sürülən sual təməldə sadə bir məntiqə əsaslanır: Bir kağız üzərinə müəyyən sayda nöqtə qoyulduqda, neçə nöqtə cütü bir-biri ilə tamamilə eyni məsafədə ola bilər?
Erdös bu cütlərin sayının, nöqtələrin öz sayından yalnız bir az daha sürətlə artacağını irəli sürmüşdü.
OpenAI-ın modeli isə fərqli riyaziyyat sahələrindən yararlanaraq, Erdösün fərziyyəsindəki limiti aşan tamamilə yeni bir düzülüş ailəsi kəşf edib və bu nəzəriyyəni təkzib edib.
OpenAI X üzərindən verdiyi açıqlamada “Demək olar ki, 80 ildir riyaziyyatçılar ən yaxşı mümkün həllərin təxminən kvadrat torlara bənzədiyinə inanırdılar. Bir OpenAI modeli bu inancı təkzib edərək çox daha yaxşı performans göstərən tamamilə yeni bir düzülüş ailəsi kəşf etdi” ifadələrini paylaşıb.
Bu inkişaf riyaziyyat dünyasında böyük həyəcan yaratsa da, ümumi problem hələ tamamilə həll edilmiş sayılmır.
Süni zeka nöqtə cütlərinin nə qədər sürətlə artdığına dair dəqiq və yeni bir cavab tapmaq əvəzinə, yalnız Erdösün təklif etdiyi yuxarı limitin çox aşağı qaldığını sübut etmiş oldu.
ABŞ birjasında kütləvi təklifə hazırlaşan OpenAI bu hesablamaların riyaziyyat üçün xüsusi olaraq öyrədilmiş bir sistem tərəfindən deyil, problemləri kiçik addımlara bölərək həll edən ümumi təyinatlı bir məntiqi mühakimə modeli tərəfindən edildiyini bildirib.
Şirkət daha əvvəl də Erdös problemlərini həll etməyə cəhd göstərmiş, lakin ötən il əldə etdiyini iddia etdiyi uğurun modelin artıq ədəbiyyatda olan məlumatları kopyalamasından ibarət olduğu ortaya çıxmışdı.
Bu dəfə isə OpenAI-ın işi keçmişdəki iddiaları tənqid edən və Erdös problemləri veb saytını idarə edən riyaziyyatçı Tomas Blum da daxil olmaqla mütəxəssislər tərəfindən təsdiqlənib.
OpenAI-ın bloq yazısına yoldaşlıq edən məqalənin ortaq müəlliflərindən olan Blum yapay zeka sisteminin bu nəticələrə bir insanın kəşf etməyə dəyməyəcəyini düşünərək imtina edə biləcəyi yolları inadla izləyərək çatdığını yazıb.
Lakin Blum prosesdə insan faktorunun əhəmiyyətini belə vurğulayıb: “Süni zeka tərəfindən istehsal olunan orijinal sübut tamamilə etibarlı olsa da, OpenAI-dakı tədqiqatçılar və məqaləyə töhfə verən bir çox digər riyaziyyatçı tərəfindən əhəmiyyətli dərəcədə təkmilləşdirildi. İnsan bu sübutun müzakirə edilməsində, mənimsənilməsində, yaxşılaşdırılmasında və nəticələrinin araşdırılmasında hələ də həyati bir rol oynayır”.
Məqaləyə töhfə verən bir digər riyaziyyatçı Tim Qovers bu nəticəni süni zeka riyaziyyatında bir dönüş nöqtəsi olaraq xarakterizə edib.
Surrey Universitetinin İnsan Mərkəzli Süni Zeka İnstitutundan Endryu Roqoyski də bu elanın süni zekanın insanlara problemlərə baxmaq üçün yeni yollar təqdim etdiyini göstərdiyini bildirərək, “Süni zekanın yaradıcı düşüncə dünyasına təsir etdiyi və gələcək elmi araşdırmaların təməl bir vasitəsi halına gələcəyi getdikcə daha aydın olur” deyib.

