Neft qiymətləri geosiyasi gərginliyin təsiri ilə 100 dolları ötdü



Neft qiymətləri Yaxın Şərqdə artan geosiyasi gərginliyin qlobal neft tədarükü ilə bağlı narahatlıqları artırması ilə bir barel üçün 100 dollar həddini keçib.

AFN.az xəbər verir ki, dünən 99,46 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə barel qiyməti günü 97,92 dollardan tamamlayıb. Brent neftinin noyabr fyuçers üzrə barel qiyməti bu gün saat 11:15 etibarilə əvvəlki bağlanışla müqayisədə 2,31 faiz artaraq 100,19 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçers üzrə barel qiyməti də 94,85 dollar təşkil edib.

Yaxın Şərqdəki qarşıdurmaların uzanması, enerji infrastrukturunun və dəniz daşımalarının hədəfə alınması qlobal neft tədarükündə daha böyük fasilələrin yaşana biləcəyi ilə bağlı narahatlıqları gücləndirərək qiymətləri 100 dolların üzərinə çıxarır.

İran İnqilab Keşikçiləri Ordusu ABŞ-ın İrana məxsus neft tankerlərinə hücumlarına cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Delbert D. Black (DDG-119) və USS John Paul Jones (DDG-53) adlı iki döyüş gəmisinin ballistik raketlərlə hədəfə alındığını açıqlayıb.

İran ordusu ABŞ-ın 5 İran tankerini hədəfə almasına cavab olaraq Hörmüz boğazında 2 ABŞ gəmisi, 8 tanker və 10 müxtəlif gəminin hədəfə alındığını bildirmişdi.

İordaniya ordusu isə ölkə ərazisinin İran mənşəli ballistik raket hücumuna məruz qaldığını, hava hücumundan müdafiə sistemlərinin 18 raketi məhv etdiyini və 2 raketin boş ərazilərə düşdüyünü açıqlayıb.

ABŞ Dövlət katibi Marco Rubio İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri hədəfə almağa davam etməsi halında tankerlərini itirəcəyini bildirib.

Digər tərəfdən, İranın Fars körfəzinin şimalında yerləşən və neft ixrac terminalının olduğu Hark adası ilə Hörmüzqan əyalətinə bağlı Cask şəhəri yaxınlığında partlayış səslərinin eşidildiyi bildirilib.

Bölgədə gərginliyin artması İranın dəstəklədiyi husilərin çərşənbə axşamı Səudiyyə Ərəbistanına hücumlarından sonra baş verib. Yəməndəki İran dəstəkli husilər səhər saatlarında Səudiyyə Ərəbistanının cənubundakı Aramco obyektlərinə və Kral Xalid Hava Bazasıına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiklərini açıqlayıblar.

Husilərin hərbi sözçüsü Yahya Seri görüntülü açıqlamasında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə son günlərdə artan hava hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanının daxili bölgələrindəki strateji obyektləri və hərbi bazaları hədəfə aldıqlarını bildirib.

Analitiklər ABŞ-İran gərginliyinin neft tədarükü və daşınmasında daha böyük fasilələrə səbəb ola biləcəyi narahatlığı ilə bazarda yüksək risk əlavəsinin davam edəcəyini gözləyirlər.

Brent neftində texniki baxımdan 100,73 dolların müqavimət, 95,37 dolların isə dəstək zonası kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu