Fransa Trampın xəritəsini "şıltaqlıq" adlandırdı
Fransa Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkənin xaricdəki əraziləri ilə bağlı paylaşımına ayrıca reaksiya verməyi lazım bilməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Bencamin Addad ABŞ administrasiyasının paylaşdığı xəritəni şərh edərkən deyib.
Ağ Ev tərəfindən yayılan xəritədə Fransanın dənizaşırı əraziləri ABŞ bayrağının rəngləri ilə göstərilib. Addad açıqlamasında ABŞ administrasiyasının bu addımını "şıltaqlıq" adlandırıb.
"Əgər Ağ Evin və Donald Trampın hər tvitinə reaksiya verməyə başlasaq, işləməyə vaxtımız qalmaz. Hesab edirəm ki, onun hər şıltaqlığına həddindən artıq reaksiya göstərməyə və bunu geniş şəkildə şərh etməyə ehtiyac yoxdur", - deyə fransalı nazir bildirib.
Addadın sözlərinə görə, Paris Fransanın dənizaşırı ərazilərinə bağlılığını qoruyur.
O, Qrenlandiyanın suverenliyi ətrafında yaranmış vəziyyət zamanı Avropa İttifaqı ölkələrinin ABŞ-a qarşı "məcburiyyətə qarşı mübarizə aləti"ndən istifadə etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin mexanizm ABŞ-ın rəqəmsal şirkətlərinə qarşı tədbirlər görülməsinə imkan verir.
Donald Tramp sentyabrın 7-də "Truth Social" hesabında bir xəritə paylaşıb. Xəritədə Kanada, Meksika, Mərkəzi Amerikanın və Karib hövzəsinin bir sıra ölkələri, o cümlədən Kuba, Fransanın bəzi dənizaşırı əraziləri və Qrenlandiya ABŞ bayrağının rənglərində göstərilib.
ABŞ Prezidenti xəritə ilə bağlı hər hansı açıqlama verməyib. Tramp daha əvvəl də Kanada və Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ehtimalı barədə fikirlər səsləndirib. Qrenlandiya hazırda Danimarkanın muxtar ərazisidir.
