Pakistan: Məkkə sazişinə yeni ölkələrin qoşulması müzakirə edilmir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin yaratdığı Məkkə müdafiə sazişinin yaxın vaxtlarda yeni ölkələrin iştirakı ilə genişləndirilməsi planlaşdırılmır.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Səccad Heydər Xan həftəlik brifinq zamanı deyib. Onun sözlərinə görə, hazırda Məkkə sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır.
"Bu mərhələdə Məkka sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə yoxdur", - deyə XİN nümayəndəsi bildirib.
Sözçü əlavə edib ki, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı ilk növbədə öz aralarındakı əməkdaşlığı daha da gücləndirməlidirlər. Onun sözlərinə görə, bundan sonra ittifaq oxşar mövqe və baxışları bölüşən digər dövlətlərin də iştirakı üçün açıq ola bilər.
Məkkə müdafiə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, tərəflərdən birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək. Üç ölkə saziş çərçivəsində birgə müdafiə imkanlarını, hərbi koordinasiyanı və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.
