Neft bazarında yeni proqnoz: ABŞ qiymət gözləntilərini yüksəltdi
Yaxın Şərqdə neft tədarükündə yaranan fasilələr dünya bazarında qiymətlərin yüksək qalmasına səbəb olur.
AFN.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bölgədəki hasilat və ixrac məhdudiyyətlərini nəzərə alaraq bu il və gələn il üçün neft qiymətləri ilə bağlı proqnozlarını artırıb.
EIA-nın sentyabr ayı üzrə açıqladığı “Qısamüddətli Enerji Görünüşü” hesabatına əsasən, beynəlxalq bazarın əsas göstəricisi hesab olunan “Brent” neftinin avqust ayı üzrə orta qiyməti 91 dollara yüksəlib. Bu, iyul ayı ilə müqayisədə 7 dollarlıq artım deməkdir.
Qiymət artımında əsas amillər kimi Yaxın Şərqdən neft ixracının məhdud qalması və bölgədə istehsalın azalması göstərilir. EIA qlobal neft ehtiyatlarının bu il təxminən 400 milyon barel azaldığını və ilin sonuna qədər enişin davam edəcəyini proqnozlaşdırır.
Yenilənmiş hesablamalara görə, “Brent” neftinin bu il üzrə orta qiyməti 91,01 dollar olacaq. Əvvəlki hesabatda bu göstərici 86,81 dollar səviyyəsində proqnozlaşdırılmışdı.
ABŞ-ın Qərbi Texas nefti (WTI) üzrə orta qiymət gözləntisi də yüksəldilib. EIA bu il WTI-nin bir barelinin orta hesabla 84,65 dollara satılacağını gözləyir. Ötən ay açıqlanan proqnozda isə bu rəqəm 80,88 dollar idi.
EIA 2027-ci il üzrə qiymət proqnozlarını da artırıb. Gələn il “Brent” neftinin orta qiymətinin 73,74 dollar, WTI-nin isə 69,74 dollar olacağı gözlənilir. Əvvəlki proqnozlarda bu rəqəmlər müvafiq olaraq 69,39 və 65,39 dollar təşkil edirdi.
Proqnozların yüksəldilməsinə baxmayaraq, ABŞ qurumu gələn il neft qiymətlərində azalma tendensiyasının davam edəcəyini düşünür. Yaxın Şərqdən ixracın tədricən bərpa olunması, istehsal məhdudiyyətlərinin böyük hissəsinin 2027-ci ilin ikinci yarısında aradan qalxması və qlobal ehtiyatların yenidən artması qiymətlərə aşağı istiqamətdə təzyiq göstərə bilər.
EIA-nın hesablamalarına görə, “Brent”in orta qiyməti 2027-ci ilin ikinci yarısında 67 dollara qədər geriləyə bilər. Bununla yanaşı, Hörmüz boğazı və alternativ marşrutlarla bağlı neft axınlarında yarana biləcək dəyişikliklərin qısamüddətli qiymət dalğalanmalarını artıracağı ehtimal olunur.
Qlobal neft hasilatında da artım gözlənilir. EIA bu il dünya üzrə gündəlik orta neft istehsalının 100 milyon 620 min barel, 2027-ci ildə isə 109 milyon 880 min barel olacağını proqnozlaşdırır.
Gələn il hasilatın artmasında Yaxın Şərqdə dayandırılmış istehsalın bərpa olunması ilə yanaşı, digər neft hasil edən ölkələrdə tədarükün yüksəlməsi də mühüm rol oynayacaq.
ABŞ-da xam neft hasilatının isə bu il gündəlik orta hesabla 13 milyon 830 min barel, 2027-ci ildə isə 14 milyon 260 min barel təşkil edəcəyi gözlənilir.


