Çində gəmi faciəsi: Qingdao limanında yanğın 20 nəfərin həyatına son qoydu
Çinin Şandun əyalətində təmir üçün Qingdao limanına yan alan xarici bayraqlı yük gəmisində güclü yanğın baş verib.
AFN.az xəbər verir ki, hadisə nəticəsində ilkin məlumatlara görə, ən azı 20 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.
Çin dövlət mediasının yaydığı məlumata əsasən, yanğın təmir işləri aparılan gəmidə yerli vaxtla səhər saatlarında başlayıb. Hadisə zamanı gəmidə 42 nəfərin olduğu bildirilib.
Yanğın nəticəsində 12 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Daha 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb və onların vəziyyətinin stabil olduğu açıqlanıb. Yanğın günorta saatlarında nəzarətə götürülüb.
Çin mətbuatında gəminin “Ocean Melody” olduğu və Liberiya bayrağı altında üzdüyü bildirilib. Hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb.
Faciədən sonra Çin Prezidenti Si Cinpin itkin düşən şəxslərin mümkün qədər qısa müddətdə tapılması və xilasetmə işlərinin sürətləndirilməsi barədə göstəriş verib. Baş nazir Li Çyan da gəmidə köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.
Hadisə ilə əlaqədar gəmi təmiri və digər təhlükəli işlər zamanı təhlükəsizlik qaydalarının daha ciddi tətbiq edilməsi məsələsi də gündəmə gəlib.

