Kolumbiyada gəmidə baş verən partlayışda 4 nəfər ölüb, 11 nəfər yaralanıb
Kolumbiyanın Kartaxena şəhərində dokda texniki baxışdan keçən yük gəmisində baş verən partlayışda 4 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, Regional Səhiyyə İnzibati Departamentindən verilən açıqlamada şəhərin Pasakabalyos bölgəsindəki dokda baxımda olan yük gəmisində hələlik müəyyən edilməyən səbəbdən güclü partlayışın baş verdiyi bildirilib.
Hadisə nəticəsində 4 nəfərin dünyasını dəyişdiyi qeyd olunan açıqlamada bəzilərinin vəziyyəti ağır olmaqla 11 nəfərin də yaralandığı ifadə edilib.
Məlumatda partlayışdan sonra gəmidə yanğın çıxdığı, hadisə yerinə yanğınsöndürmə, tibb qrupları, mülki müdafiə və risklərin idarə edilməsi bölmələrinin cəlb olunduğu qeyd edilib.
Kartaxena meriyasından verilən bəyanatda isə partlayışın səbəbinin müəyyən edilməsi məqsədilə araşdırmalara başlanıldığı qeyd olunub.
Bölgə rəsmiləri qurumlararası çevik koordinasiya sayəsində vəziyyətin qısa müddətdə nəzarətə götürüldüyü və hadisədən dərhal sonra yaralılara tibbi yardımın göstərildiyi barədə məlumatı paylaşıblar.



