İranda istilər səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırıldı

İranda həddindən artıq istilərə bağlı olaraq artan enerji sərfiyyatını balanslaşdırmaq məqsədilə bu gün 18 əyalətdə dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
“Entekhab” xəbər saytı 13 avqust çərşənbə günü fəaliyyətinə fasilə veriləcək əyalətlərin siyahısını yayıb.
Ölkə üzrə təsirli olan yüksək temperatur və enerji istehlakını tənzimləmək məqsədilə 13 avqust çərşənbə günü dövlət qurumlarının bağlı olacağı əyalətlər bunlardır:
Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlborz, Mərkəzi, Gülüstan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan.
Qeyd edək ki, İranda havaların isinməsi ilə əlaqədar enerji qənaəti tədbirləri gücləndirilib.
Belə ki, paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlərdə müxtəlif bölgələrdə növbəli şəkildə gündəlik 2 saatlıq elektrik kəsintiləri tətbiq olunur.
İsti havalarda kondisionerlərin işə düşməsi ilə enerji tələbatının ən yüksək həddə çatdığı bu günlərdə, vətəndaşlara enerji mənbələrindən qənaətlə istifadə olunması üçün rəsmi qurumlar tərəfindən tez-tez çağırış edilir.