Qışda immun sistemini gücləndirən 8 qida
Qış aylarında immun sisteminin digər fəsillərə nisbətən zəifləməsi qidalanmaya diqqəti vacib edir.
AFN.az zərurəti nəzərə alıb qışda immun sistemini gücləndirən qidaların siyahısını təqdim edir. Qeyd edək ki, məsləhətlər qidalanma və pəhriz mütəxəssisi Nur Ecem Baydı Özman tərəfindən ictimailəşdirilib.
Nar
Nar tərkibindəki antosiyaninlə ən güclü antioksidant xüsusiyyətlərə malik meyvələrdən biridir. Tərkibindəki zəngin C, E və K vitaminləri, həmçinin kalsium, kalium və maqnezium kimi minerallar sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qorunmağımıza kömək edir. Narın qabığının meyvə ilə yanaşı, güclü antioksidant xüsusiyyətlər göstərdiyini ifadə edən Özman bildirib ki, bu səbəbdən narın qabıqlarını yaxşı təmizlədikdən sonra çay şəklində dəmləyib yemək aralarında 1-2 stəkan istehlak etmək məsləhətdir.
Balqabaq
Qış mövsümünün ən gözəl rəngarəng qidalarından olan balqabağın tərkibində olan A vitamini immunitet sistemi hüceyrələrinin funksiyalarının tənzimlənməsində rol oynayır. Beləliklə, immunitetimizin güclənməsinə mühüm töhvə verir. A vitamini müxtəlif yoluxucu xəstəliklərdə də müalicəvi təsir göstərir. Balqabağı qidalanma planınıza yeməklərə garnitür olaraq və ya şorba hazırlayaraq əlavə edə bilərsiniz.
Balıq
Balıqda çoxlu omeqa 3 yağ turşuları, melatonin, triptofan və taurin kimi immunitet sistemini tənzimləyən komponentlər var. Müntəzəm olaraq balıq istehlakının da bağırsaqdakı faydalı bakteriyaların sayının artmasına töhvə verdiyini ifadə edən Özman, "Güclü immun sistemi üçün bağırsaqlarda faydalı bakteriya sayının çox olması vacibdir. Qış ayları balıqların qida maddələri baxımından zənginliyindən faydalanmaq üçün əlverişli aylardır. Güclü immunitet sistemi üçün həftədə iki gün balıq yeməyə diqqət edin" - deyə vurğulayıb.
Heyva
Heyva güclü antioksidant tərkibli meyvədir. Tərkibindəki C vitamini və fitokimyəvi maddələrlə immunitet sistemimizin güclənməsini dəstəkləyir. Gün ərzində istehlak edəcəyiniz meyvələrdən 1-ni heyva payı olaraq istifadə edə bilərsiniz. 1/3 orta ölçülü heyva bir porsiya meyvəyə bərabərdir. Öskürək və ya boğaz ağrısı zamanı heyvanı cökə dəmləməsinin içinə doğrayaraq da istehlak edə bilərsiniz.
İtburnu
İtburnu C vitamini ilə zəngindir. Tərkibindəki C vitamini bir çox hüceyrə funksiyasında rol oynaması sayəsində immunitet sistemini gücləndirir. Bundan əlavə, tərkibindəki zəngin polifenolların təsiri ilə soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir. Burada vacib məqam C vitamininin istiliyə dözümlü bir vitamin olmasıdır. Yəni uzun müddət qaynadılmaq və ya işlənmək nəticəsində əldə edilən marmelad kimi qidalarda C vitamininin miqdarı əhəmiyyətli dərəcədə azalır. Ona görə də qaynar suda 10-15 dəqiqə dəmlədiyiniz itburnunu çox gözlətmədən istifadə etmək məsləhətdir.
Kefir
Güclü immunitet sistemi üçün sağlam bağırsağa sahib olmaq çox vacibdir. Kefirin tərkibindəki faydalı bakteriyalar sayəsində bağırsaq florasını tənzimləməyə və güclü immunitet sistemində son dərəcə əhəmiyyətli funksiyaya malik bağırsaqda faydalı bakteriyaların sayını artırmağa kömək edir. Bundan əlavə, karbohidratlar, yağlar və zülallar kimi makro qidalar; Kalsium, maqnezium və B2 vitamini kimi mikroelementlərlə sağlam qidalanma sağlam immun sisteminin formalaşmasında rol oynayır.
Kök
Kökdə olan beta karoten immunitet sistemi ilə əlaqəli funksiyaları tənzimləməyə kömək edir. Tərkibindəki C vitamini ilə yanaşı, kalium və sink kimi minerallar və fenolik birləşmələr kökü qışda immuniteti dəstəkləmək üçün çox qiymətli bir qida halına gətirir. Kök yaxşı lif mənbəyi olmaqla bağırsaq sağlamlığını dəstəkləyir. Kökdən salatlara əlavə etməklə və ya çiy istehlak etməklə faydalana bilərsiniz.
Kivi
Kivi polifenol və C vitamini ilə zəngin bir meyvədir. O qədər ki, 100 qramlıq kivi demək olar ki, tək başına yetkin bir insanın gündəlik C vitamini ehtiyacını ödəyir. Orta boy kivinin qəlyanaltı olaraq istehlak edilməsi, zəngin lif və C vitamini tərkibi sayəsində bağırsaq sağlamlığında rol oynayır və güclü immunitet sisteminə sahib olmağımıza dəstək olur.